Abşeron rayonunda 1987-ci il təvəllüdlü Vahid arvadı Leylaya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 24-də Xırdalan şəhərində baş verib.
Vahid mübahisə zamanı özünü müdafiə etmək üçün əlindəki ağac budağını keçmiş arvadı Leylanın əlindən alıb. Onun baş və bədənin müxtəlif nahiyəsindən vurub.
İstintaq orqanı tərəfindən Vahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. İş hakim Vaqif Həsənovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə ifadə verən Vahid bildirib ki, Leyla ilə 2012-ci ildə ailə həyatı qurub və birgə nikahdan onların 3 övladı olub: “Evlilik dövründə münasibətlərimiz yaxşı idi. Sonradan birgə yaşadığımız və Leylanın atasına məxsus mənzili satıdm. Leyla həmin mənzilin satışından əldə edilmiş vəsaitdən mənə pay verməmək üçün 9 fevral 2022-ci ildə Abşeron rayon Məhkəməsinin qətnaməsi əsasında boşand. Evi alan şəxslər isə hər ay kirayə haqqı olaraq Leylagilə 600 manat verirlər”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 24 mart 2022-ci ildə, saat 18 radələrində həmin kirayə haqqı ona verilib: “Həmin pulu Leylaya verdim. Bundan sonra bibisigilə gedən Leyla ilə avtobusa mindik. Avtobusdan düşdükdən sonra birlikdə getməyə başladıq. Leylaya nə üçün bibisigilə getdiyini soruşdum. O, ünvanıma nalayiq ifadələr işlətdi. Əllərimlə Leylanı itələdim, o, müvazinətini itirərək yerə yıxıldı”.
Vahid daha sonra ifadəsində qeyd edib: “Yoluma davam edən zaman Leyla məni təhqir edə-edə arxasmca gəlməyə başladı. Bu səbəbdən geri döndüm və ona yaxınlaşdım. Leylanın əlində ağac budağı olduğunu gördüm. O, ağac budağı ilə məni vurmağa cəhd etdi. Budağı əlindən aldım və onun başına, bədəninin digər nahiyələrinə zərbələr vurdum”.
O bildirib ki, Leylanın cibindən 300 manat pul götürmək istəməsi barədə göstərdikləri yalandır. O, əməlindən peşmançılıq çəkdiyini deyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Leylanın sözlərinə görə, əvvəllər münasibətləri yaxşı olsa da, sonradan Vahid ailəyə qarşı laqeyd yanaşdığından münasibətlər korlanıb: “Vahidin atama məxsus, bir müddət əvvəl satılmış evdən pay tələb etməsi də münasibətlərimizin korlanma səbəblərindən biri olub. Məhz bu səbəbdən rəsmi qaydada boşandıq”.
Zərərçəkmiş qeyd edib ki, martın 24-də saat 18 radələrində Vahid evi satdıqları şəxslərin onlara kirayə haqqı olaraq verdikləri 600 manatı alıb və yaşadığı binanın yaxınlığında gətirərək ona verib: “Mən pulu aldıqdan sonra bibimgilə getmək üçün avtobusa mindim. Vahid də mənimlə birlikdə avtobusa mindi. Mənimlə danışmaq istədiyini bildirdi. Avtobusdan düşərək bibimgilin evi istiqamətinə doğru irəlilədiyimdə isə Vahidin nalayiq ifadələr işlədə-işlədə arxamca gəldiyini gördüm. Mən də ona nalayiq ifadə işlətdim. Vahid boğazımdan yapışıb məni boğmaq istədi. Onun əlindən çıxdım və qaçmağa dava etdim. Vahidin isə məni təqib etdiyini gördüm.
Özümü müdafiə məqsədilə yerdən ağac budağını götürdüm. Vahid ağac budağını əlimdən alıb başıma, belimə, ayaq və əl nahiyələrimə zərbələr vuraraq məni döydü”.
Vahid 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.