Bakıda 235 minlik DƏLƏDUZLUQ: Əvvəlcə partiya sədrini sonra otel müdirini ALDATDI

 21-06-2022

İran vətəndaşı Bakıda həbs edilən bacısı oğlunu azad etdirmək üçün partiya sədri və otel müdirinə külli miqdarda pul verib.

Kriminalqafqaz”ın məlumatına görə, Əlirza Xorazmenin bacısı oğlu Qulamrza Azərbaycanla sərhəddən külli miqdarda narkotik keçirərəkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Həbs edilən Qulamrzanın dayısı Azərbaycana gələrək onu azad etdirmək üçün qeyri-qanuni üsullara əl atıb. Əlirza iki nəfərə ümumilikdə 235 min manat pul versə də, bacısı oğlunun həbsdən azad ediləcəyi ilə bağlı vədlər yalan çıxıb.

Belə ki, Əlirza Bakıya gəlib hava limanında taksi axataran zaman Razi adlı sürücü ilə tanış olub. Razidən vəkil tapmaqda kömək etməsini istəyib. Lakin onun tapdığı vəkil Qulamrzanı həbsdən çıxara bilməyib: “Qulamrza tutulduqdan 3 ay sonra mənə zəng etdi və Telman adlı vəkilin işi ləng apardığını, hələ də həbsdə olduğunu, eyni cinayətə görə onunla birlikdə həbs olunan İran vətəndaşı Pərvizin 1 aya azad olunduğunu bildirdi. Daha sonra mən Pərvizlə əlaqə saxlayıb hansı yolla həbsdən azad olunması soruşdum. Pərviz hər şeyin pulla həll edildiyini bildirdi. O bir tanışının olduğunu və bu işdə köməklik edəcəyini dedi. Bundan sonra Pərviz məni Ağadur Hüseynov adlı şəxslə tanış etdi. Ağadur özünü yüksək vəzifədə işləmiş şəxs kimi təqdim edərək bu işi həll edəcəyini bildirdi. Əvəzində 200 min manat istədi. Bu söhbət Razi, Pərviz və Camalın yanında oldu. Daha sonra 170 min manata razılaşdıq. O, bir ay müddətinə Qulamrzanın həbsdən buraxılacağını bildirdi”.

Zərərçəkmişin sözlərinə görə, Ağadura verdiyi pulların miqdarını notariusda rəsmiləşdirib. İlkin razılığa görə, əvvəlcə 155 min manat ödəniş edilib. Yerdə qalan 15 min manat isə Qulamrza həbsdən çıxandan sonra veriləcəkmiş: “14 saylı notariat kontorunda borc müqaviləsi bağladıq. Lakin Ağadur verdiyi vədlərin heç birinə əməl etmədi və ona görə də bu barədə hüquq mühafizə orqanlarına müraciət etdim. Bundan sonra Ağadur həbs edildi”.

Qeyd edək ki, A.Hüseynov Azərbaycan Mübarizləri Partiyasının sədri olub. Bu və digər dələduzluq əməllərinə görə, ötən il həbs edilib. Bakı ağır Cinayətlər Məhkəməsi ona 5 il 6 ay həbs cəzası verib. Az sonra həbsdə vəfat edib.

Fotoda: Ağadur Hüseynov

Təəssüf ki, üzləşdiyi bu dələduzluq əməli Əlirza Xorazme üçün dərs olmayıb və o, bacısıoğlunu həbsdən azad etdirmək üçün anoloji yollar axtarıb. Badamdarda yerləşən “Kontinent Hotel”in direktoru Rəşad Alıyevlə (şərti soyad) tanış olub. Bu dəfə də otel rəhbəri onu aldadaraq pullarını mənimsəyib: “Pərviz məni Rəşadla tanış etdi. Rəşada Ağadurun başıma açdığı oyunu danışdım. O, əvvəlcə Qulamrzanın işini yüngülləşdirmək lazım olduğunu, daha sonra Ağadurdan pulun alınması məsələsi ilə məşğul olacağını bildirdi. Dedi ki, 40 min müqabilində Qulamrza 5-6 ay sonra İrana ekstradisiya ediləcək. Ağaduru da prokurorluq vasitəsi ilə gətizdirəcəyini bildirdi. Bundan sonra mən İrana getdim, dostlarımdan 35 min manat borc alıb Bakıya qayıtdım. Pulu Rəşada verdim. Amma Lənkəran Ağır Cinayətlər Məhkəməsi bacımoğluna 17 il həbs cəzası verdi. Rəşad Şirvan Apelyasiya məkəməsində cəzanı yüngülləşdirəcəyini dedi. Yerdə qalan 45 mini istədi. O pulu da verdim, amma Rəşad heç bir iş görməyərək 81 min manatımı dələduzluqla ələ keçirdi”.

Rəşad Alıyev məhkəmədə təqsirini etiraf edib. O deyib ki, fars dilini mükəmməl bildiyi üçün onu müxtəlif dövlət orqanlarında tərcüməçi qismində dəvət edirmişlər: “Bakı Ağır Cinayətlər Məhkəməsində tərcüməçi kimi iştirak etməyə getmişdim. Tərcüməçi işindən başqa da arada bir məclislərə çağırırdılar, gedib yas mərasimlərində iştirak edirdim. “Kontinent” oteli icarəyə götürüb işlədirdim. 2018-ci ildə Pərviz adlı İran vətəndaşının cinayət işində tərcüməçi qismində iştirak etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə dəvət edildim. Pərviz külli miqdarda narkotik vasitələrin qanunsuz daşınması və saxlanmasına görə həbs edilmişdi. Çalışdım ki, ona kömək edim. Məhkəmə Pərvizə şərti cəza verərək onu azadlığa buraxdı. Bundan sonra Pərviz mənə dedi ki, Bakı İstintaq Təcridxanasında Qulamrza adlı bir şəxs var və o da narkotik satışına görə həbsdədir. Qulamrzanın işinə Lənkəran Ağır cinayətlər Məhkəməsində baxılırdı. Pərviz təklif etdi ki, onların pulunu alaq, imkan olsa kömək edək. Əlirzanı “Kontinent” otelə gətirdilər. Orada Pərviz Əlirzaya dedi ki, “məni türmədən Rəşad buraxdırıb”. Əlirza başına gələni danışdı. Dedi ki, bacısı oğlu Qulamrzaya kömək lazımdır. Həmin ərəfədə Pərviz işarə etdi ki, “100 min manat de”, lakin mən Əlirzaya dedim ki, “80 min manat lazım olacaq”. Əlirza İrana getdi və qayıdanda 35 min gətirdi. Həmin pulun 5 mini mənə, 30 mini Pərvizə çatdı”.

Rəşad Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gedəndə Qulamrzanın işinin çətin olduğunu görüb. Bununla belə, Əlirzanın göndərdiyi əlavə 45 mini də alıb: “O puldan 3 min manat Camala borc verdim. Daha sonra o gördüm ki, bu iş yaxşı yerə getmir. Ona görə də Pərvizə dedim ki, “gətir pulu qaytar, camaatın pulunu verək”. Lakin Pərviz ölkədən qaçaq yolla İrana getdi. Gördüm ki, Pərviz aradan çıxıb, Əlirza da burada yoxdur. Məndə olan 42 min manatı heyvandarlıqla məşğul olmaq üçün Gürcüstana göndərdim. Sonradan məni axtarışa verib Gürcüstanda tutdular”.

Məhkəmə Rəşad Alıyevin Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qənaətinə gəlib. Ona 6 il 6 ay həbs cəzası verilib. Üstəlik vurduğu 81 min manat ziyanın ondan tutularaq Əlirzaya ödənilməsi barədə qərar çıxarılıb.

Bənzər yazılar

0.19828796386719