Leyla Abdullayeva: “Vətəndaşlarımızın Ukraynadan təxliyəsi birbaşa Prezidentin nəzarətindədir”

 02-03-2022

“Dünən Xarkovdan 800-dən çox azərbaycanlı qatarla Moldova istiqamətinə yola düşüb”.

MillətinSəsi.info-nun məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, artıq həmin qatar sərhədə çatıb: “Vətəndaşlarımızın sərhəd keçidində ən çox sıxlıq Moldova, Rumıniya və Polşa istiqamətlərindədir. Buradan ölkəmizə təxliyə üçün dövlət başçısının birbaşa tapşırığı ilə çarter reyslər fəaliyyət göstərir”.

L.Abdullayeva bildirib ki, sərhədlərdə toplanan vətəndaşlarımız öz nəqliyyat vasitələri ilə də ölkəmizə gələ bilər: “Vətəndaşların toplanmasından asılı olaraq çarter reysləri davam etdiriləcək. Ukraynada müharibə başlayandan orada yaşayan azərbaycanlıların Moldovaya, Polşaya, Slovakiyaya, Rumıniyaya, Macarıstana keçidi üçün şərait yaradılıb”.

Onun sözlərinə görə, 4 minə yaxın azərbaycanlı sərhədi keçib: “Hazırda hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi əsas məsələdir. Bununla bağlı diplomatik nümayəndəlik, fəxri konsullarımız Ukrayna hökuməti ilə əlaqə saxlayıb. Ən təhlükəsiz nəqliyyat növündən istifadə edərək soydaşlarımızın təxliyəsi həyata keçirilir”.

Bənzər yazılar

0.63826012611389