BNA-da aparılan yoxlamalarda FETÖ İZİ: – Vüsal Kərimlinin gülənçilərlə bağlılığı araşdırılır?

 28-07-2023

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Bakı Nəqliyyat Agentliyində (BNA) apardığı yoxlamalar FETÖ faktorunu yenidən diqqət mərkəzinə gətirib.

Yenicag.az-a daxil olan məlumata əsasən, BNA-da yoxlamaların aparılması və qurumun bir neçə məsul şəxsinin saxlanılmasından sonra növbənin agentliyin rəhbəri Vüsal Kərimliyə çatacağı bildirilir.

Qeyd olunur ki, BNA-nın fəaliyyətində ciddi nöqsanların olması və bu qurumdan vətəndaş şikayətlərinin ardı-arasının kəsilməməsi ilə yanaşı, yoxlamaları aktuallaşdıran başqa ciddi amil də mövcuddur. Söhbət FETÖ terror şəbəkəsinin BNA-da ciddi dayaqlarının olmasna dair şübhələrdən gedir.

Daha konkret ifadə olunsa, BNA İdarə Heyətinin sədri Vüsal Kərimlinin FETÖ ilə əlaqələrinin mövcudluğu haqda zaman-zaman media vasitəsilə ictimailəşən məlumatların Agentlikdə belə bir yoxlamanı şərtləndirməsi qətiyyən istisna edilmir.

Digər tərəfdən, vaxtilə Türkiyə mətbuatında da Vüsal Kərimlinin FETÖ ilə bağlılığı haqda xəbərlər yayımlanıb. Vaxtilə “Yeni Akit” qəzetində dərc olunan materialda terrorçubaşı Fətullah Gülənə bağlı Lənkəran Türk Kollecinin məzunu olan Kərimlinin şəbəkə ilə sıx əlaqələrindən bəhs edilmişdi.

“Yeni Akit”də yazılanlara görə, Vüsal Kərimli FETÖ və şəbəkənin “imam”ları ilə bağlı aktiv paylaşımlar etdiyi “Facebook” hesabını 2014-cü ildə bağlayıb. Bildirilir ki, təhsil dönəmində gülənçilərin himayəsində olan Kərimli şəbəkəyə sədaqətini isbatladığı üçün FETÖ-nün güvənli fiqurlarından birinə çevrilib.

O baxımdan, Azərbaycanda son günlər FETÖ əleyhinə əməliyyatların keçirildiyini nəzərə alsaq, BNA-da aparılan yoxlamalarda “FETÖ istiqaməti”nin olduğunu ehtimal etmək mümkündür.

Bənzər yazılar

0.21959090232849