Şagirdlərin məktəbə telefon aparması qadağan oluna bilərmi?

 11-07-2023

Avropanın aparıcı demokratik ölkələrindən olan Niderlandda orta məktəb şagirdləri daha tədris zamanı cib telefonlarından istifadə edə bilməyəcəklər. Belə ki, Niderlandda şagirdlərin məktəbə telefonla gəlməsi qadağan edilib. 

Azərbaycan məktəblərində də telefonsuz məktəbə gələn şagirdləri barmaqla saymaq olar. Demək olar ki, şagirdlərin mütləq əksəriyyəti məktəbə telefonla gəlir. Bu isə mütəxəssislərin fikrincə, dərs prosesinə mənfi təsir göstərir. 

Qeyd edək ki, Azərbaycanda da ümumtəhsil müəssisələrində şagirdlərin mobil telefondan istifadə etmələrinə icazə verilmir. Bununla bağlı rəsmi qadağa olmasa da, hər bir məktəbdə direktorun bununla bağlı daxili tapşırığı var.

Hətta valideynləri ilə əlaqə saxlamaq üçün məktəbə mobil telefonla gələn şagirdlərdən belə, sinfə daxil olarkən telefonu söndürərək çantasına qoymaq tələb olunur.

Müəllimlər şagirdlərin mobil telefondan istifadəsinin dərs prosesini pozduğunu əsas gətirir, həmin məktəblinin özü də daxil olmaqla digərlərinin də fikrini dərsdən yayındırdığını söyləyirlər.

Elə bu məsələdə valideynlər arasında da fikir ayrılığı var. Onların bir qismi öz övladına mobil telefon verərək məktəbə göndərsə də, bəziləri həmin şagirdin digər sinif yoldaşlarının da diqqətini yayındırdığından narazılıq edirlər. Odur ki, Azərbaycanda məktəblərin, demək olar ki, mütləq əksəriyyətində şagirdin sinfə mobil telefonla daxil olmasına qadağa var.

Bəs, görəsən, Azərbaycanda da bununla bağlı hansısa yenilik tətbiq oluna bilərmi?

Təhsil eksperti Ramal Şəmşədli Valyuta.az-a açıqlamasında anoloji addımın Azərbaycan məktəblərində də tətbiqinin tərəfdarıdır:

“Azərbaycan məktəblərində də uşaqların məktəbə telefonla gəlməsinə qadağa qoyulmalıdır. Ümumiyyətlə, uşaqların evdə belə telefon işlətmələrinin qarşısı alınmalıdır. Özəl məktəblərin çoxunda bu qadağan olunub. Məktəblərdə sinif rəhbərləri, validenylər qrupu var. Müəllimlər hansısa bir problem olanda valideynlərlə əlaqə saxlaya bilir. Ona görə də şagirdlər məktəbə telefon gətirməməlidir. 

Məsələ ondadır ki, bu addımın atılmasını vacib saysam da, ölkəmizdə uşaqların məktəbə telefonla gəlməsinin qarşısını almağın çətin olduğunu da bilirəm. Bu məsələ ilk növbədə valideynlərdən qaynaqlanır. Onlar elə ilk dövrlərdən uşaqları telefonlara öyrədirlər. Ondan sonra da uşaqlarda telefona bağlılıq yaranır. Bunları etməsək, uşaqlarda da telefona bağlılıq yaranmaz. Məktəblərdə uşaqlara təlim-tərbiyyə verən psixoloqlar yox dərəcəsindədir. Məktəb psixoloqları normal fəaliyyət göstərsələr şagirdlərin telefon məsələsini də həll edə bilərlər”. 

Həmsöhbətimiz eyni zamanda, sinif rəhbərlərinin ləğvini məsləhət görür: “Yerinə hər bir sinfin psixoloqu olmalıdır. Belə olarsa, dediyimiz problem də öz həllini tapar”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat katibi isə deyib ki, məktəbə şagirdlərin mobil telefon gətirməsinə rəsmi şəkildə BŞTİ-nin qadağası yoxdur. B.Məmmədov məktəblərdə bu məsələnin fərdi qaydada tənzimləndiyini söyləyir. Onun sözlərinə görə, sadəcə olaraq tədrisə mane olduğu üçün məktəblərdə şagirdlərin telefon istifadə etməsi tövsiyə edilmir:

"Tövsiyə ondan ibarətdir ki, şagird sinifdə mobil telefon istifadə etməsin. Bu məsələ bu gün ciddi problem kimi qarşıda durmayıb. Sadəcə olaraq məktəb direktorları tərəfindən nəzarət olunur. Bəzən valideynlər övladları dərsdən çıxdıqda onlarla əlaqə saxlamaq üçün mobil telefon verirlər. Biz buna qarşı deyilik. Hətta bəzi məktəblərə xüsusi dolablar qoyulub ki, şagird məktəbə mobil telefonla daxil olduqda telefonu söndürüb o dolaba qoysun. 193 və 147 nömrəli məktəblərdə bu məsələ artıq tənzimlənib. Məktəb rəhbərliyinin və müəllimin istəyi odur ki, məktəbə təhsil almağa gələn şagird dərsi dinləsin, diqqəti yayınmasın. Valideyn də övladını məktəbə təhsil almağa, savadlanmağa göndərir. Ona görə də bu məsələdə məktəblə valideyn arasında ortaq fikir var ki, bu da şagirdin bilik əldə etməsidir".

Təhsil Nazirliyindən (TN) də bildiriblər ki, məktəblərdə şagirdlərin mobil telefondan istifadəsi ilə bağlı nazirliyin rəsmi qadağası yoxdur. Nazirliyin sektor müdiri Cəsarət Valehov deyib ki, Azərbaycanda təhsil müəssisələrində zərurət olduğu təqdirdə tədris prosesi zamanı mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər və bununla bağlı TN tərəfindən heç bir məhdudiyyət qoyulmayıb.

Onun sözlərinə görə, dərs zamanı mobil texnologiyalardan məlumatların vizuallaşdırılması, hansısa bir təqdimatın edilməsi məqsədilə, başqa sözlə, mobil texnologiyalar yalnız məqsədli təyinat üzrə istifadə edilə bilər. Digər hallarda isə dərs prosesinə mane olduğu üçün telefon və planşetlərdən istifadə etmək yolverilməzdir.

C.Valehov deyib ki, dərs zamanı məlumatların şagird və tələbələrə mobil texnologiyalardan istifadə etməklə təqdim edilməsi üçün məktəb rəhbərliyinin tabe olduğu qurumlardan, eləcə də TN-dən xüsusi icazə almasına ehtiyac yoxdur. C.Valehov əlavə edib ki, yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə etmə tədris prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir.

Sonda onu da qeyd edək ki, qanunla məktəblərə mobil telefon gətirilməsi qadağan edilməsə də, indiyədək təhsil haqqında qəbul edilmiş normativ-hüquqi aktlarda bu məsələ öz əksini tapıb. Aktlarda tədrisin keyfiyyətinə mane olan, şagirdlərin diqqətini yayındıran resurslardan istifadə qadağan edilib.

Məlumat üçün qeyd edək ki, bəzi ölkələrdə şagirdlərin məktəbdə mobil telefondan istifadəsinə qadağalar var. Fransada orta ümumtəhsil müəssisələrində mobil rabitə vasitələrindən istifadə şagirdlərə qadağan edilib.

 

Bənzər yazılar

0.36366701126099