İqtisadçı-ekspert Natiq Cəfərli: “Camaatın xaricdən gətirdiyi dərmanları nəzarətə götürmək istəyirlər”

 22-06-2023

“Bu hökumət son illər həddən artıq sərt şəkildə işıq gələn hər yeri qapatmağa, ölkəni tam təkəlləşdirməyə çalışır. "TrendYol", taksi və karqo xidməti – eyni trendin addımları, getdikcə daha sərtləşmənin açıq siqnallarıdır”.

Bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

“Bəzi addımlar isə hökumət adına utancvericidir, o qədər xırdaçılığa gedirlər ki, özləri-özlərini pis vəziyyətə qoyurlar. Milli Məclisin Səhiyyə komitəsində keçirilən iclasda müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər müzakirə olunub, təklif ediblər ki, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.

Allah bunları qoymasa, indi də camaatın özünə, qohumlarına xaricdən gətirdiyi-gətirmək istədiyi dərmanları nəzarətə götürmək istəyirlər. Görməmişlik o həddə çatıb ki, bu sahədə şəxsi istifadə üçün il ərzində 4-5 mln. manatlıq gətirilən dərmanlarda itirdikləri qazancı belə xalqa bağışlamaq istəmirlər, ona da göz tikirlər.

Dərd budur ki, bu dəyişiklik keçsə, özlərinin qəbul etdiyi qanunun digər maddələrini pozur, maddələr ziddiyət təşkil edir: Qanunun 9.4.-cü maddəsində deyilir ki, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.

Amma indi deyirlər ki, ancaq resepti olan dərmanları ölkəyə gətirmək olar – yaxşı, ölkədə qeydiyyatı olmayan dərmanlara ölkədə hansı həkim resept yazacaq, və ya yaza bilər?! Bundan başqa resept söhbəti ilə özləri korrupsiyaya və tanışlığa qapı açırlar – xaricə gedən lazım olan dərmanları öncədən tanış həkimlərə resept şəklində yazdırıb daha çox gətirəcək, həkimə də xeyir olacaq, xəstəyə də.

Yəni, görməmişcəsinə hər yerə əl atanda əslində özlərinə ziyan edirlər: taksini nəzarətə götürəcəklər, məhəllə taksiləri işə düşəcək, sifarişlər tədbiqlə deyil də “WhatsApp”da olacaq, dövlət büdcəsinə əvvəl gedən 5-10 manat indi heç gedib-çatmayacaq. Bunlar hələ də anlamırlar ki, dünyada ən əzazil sistemlər, o cümlədən SSRİ-i belə iki məsələnin qarşısını heç vaxt ala bilməyiblər: pul və ideya. Bu sistem hələ də bu bəsit tezisi belə anlaya bilməyib”, - ekspert bildirib.

Bənzər yazılar

0.11289811134338