General Rövşən Əkbərovun həbsxanada SƏHHƏTİ PİSLƏŞDİ: TƏCİLİ müalicə müəssisəsinə YERLƏŞDİRİLİB

 02-06-2022

Qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun səhhətində problem yaranıb.

MillətinSəsi.info APA-ya istinadən xəbər verir ki, sabiq birlik komandiri hazırda Pentensiar Xidmətin müalicə müəssisəsində müalicə olunur.

Ədliyyə Nazirliyinin tibb xidmətindən bildirilib ki, R.Əkbərov xroniki xəstəlikləri olduğu üçün müalicə müəssisəsində həkim nəzarətində saxlanılır: “Hazırda səhhəti stabildir, sağlamlıq durumunda həyati təhlükəli hallar izlənilmir".

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, məhkəmə R.Əkbərovdan 40 min 10 manat pulun tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb.

Eyni zamanda məhkəmə R.Əkbərovun hərbi rütbəsini və fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.

 

Bənzər yazılar

0.2055561542511