İqtisadçı-ekspert Allahverdi Aydın Azərbaycan və Ermənistanda adambaşına düşən qeyri-neft məhsullarının ixracı barədə müqayisə aparıb və aradakı fərqi "uçurum" adlandırıb.
Bu barədə o, özünün Feysbuk hesabında yazıb.
"2022-ci ildə Azərbaycan 3,05 milyard, Ermənistan isə 5,31 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
2022-ci ilin sonunda Azərbaycan əhalisinin sayı 10 milyon 127 min, Ermənistan əhalisinin sayı isə 2 milyon 969 min nəfər olub.
Hamımız orta məktəbdə vurma-bölmə əməllərini öyrənmişik. İndi gəlin bölək, görək adambaşına düşən qeyri-neft məhsullarının ixracı Azərbaycan və Ermənistanda nə qədər edir?
- Azərbaycanda – 301 dollar
- Ermənistanda – 1 788 dollar
Gördüyünüz kimi, belə vəziyyətdə aradakı fərqdən yox, uçurumdan danışmaq olar", - ekspert bildirib.
A. Aydın qeyd edib ki, bunun səbəbi çoxdur: "Düzəldilməsi qısa müddətdə mümkün olan bir səbəbi yazacam. Deməli, Azərbaycanın 2022-ci ildə 71 mal kodu ilə (qiymətli metallar və onlardan hazırlanan məmulatlar) ixracı 189 milyon dollar olub. Azərbaycanın 71 mal kodu ilə ixrac etdiyi malların 98%-i işlənməmiş (xam) qızıl olub.
2022-ci ildə Ermənistanın eyni mal kodu (71) ilə ixracı 989 milyon dollar olub. Ermənistanın 71 mal kodu ilə ixrac etdiyi malların isə 42%-i işlənməmiş (xam) qızıl olub. Nefti benzinə çevirib sata bilmirik və bəhanə edirik ki, neftayırma zavodu tikmək bahalı və çətin işdir. Yəni qızılı da zərgərlik məhsuluna çevirmək bu qədər çətindir ki, bizi Ermənistanın qarşısında biabır edirsiniz?!..."