“Azərbaycan rekordu qırmaq üçün 301 kq sifariş etmişdim. Huşum getdimi, ayağım sürüşdümü – özüm də bilmədən arxaya yıxıldım, ştanq sağ budum üstünə düşdü. Elə orada xərəkdə məni apardılar, ayağımı gipsə qoydular. Şükür Allaha, yaxşı qurtarmışam, ayağımda sümük qırılmayıb. Amma deyəsən, əzələ bağı qırılıb. Sabah MRT müayinəsindən sonra dəqiq nəticəni biləcəyəm”.
Bunu MillətinSəsi.info-a pauerliftinq üzrə dünya və Avropa çempionu Rövşən Xəlilov deyib.
O, pauerliftinq, benç-press və dedlift üzrə böyüklər və gənclər arasında keçirilmiş Azərbaycan çempionatında sağ ayağından ciddi zədə alıb. Xəlilov bunun necə baş verməsindən danışıb:
“Əslində mən 280 kq-ı qaldırıb çempionluğumu rəsmiləşdirmişdim. Sadəcə, 301 kq sifariş edib, bu çəkidə Azərbaycan rekordu qırmaq istəyirdim. Onda da belə oldu.
Bildiyiniz kimi, əvvəllər 75 kq-da yarışırdım. İlk dəfə 82 kq çəki dərəcəsində çıxış etdim. Yəqin bu hadisənin baş verməsi də yeni çəkiyə adaptasiya oluna bilməməyimdən irəli gəldi. Amma buna baxmayaraq, nəticəm pis olmadı. Öz çəkimdə üç hərəkətin cəminə və yerdən qaldırmaya görə çempion oldum. Həm də mütləq çəkidə çempion kimi qızıl medal qazandım”.
Fövqəladə Hallar Nazirliyinin leytenantı da olan Rövşən Xəlilov idmançı karyerasını bəlli məqsədinə çatanadək davam etdirmək arzusunda olduğunu bildirib:
“Əslində mən zədələrdən qorxmuram. Sadəcə, istəmirəm ki, arzum yarımçıq qalsın. Mənim ən böyük arzum Azərbaycana böyük nailiyyət yaşadıb, Ali Baş Komandan, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevlə görüşməkdir. Bu arzuma görə idmana hələ davam etmək istəyirəm”.
Səbuhi Musa