“Ulu öndər Heydər Əliyev uğurlar qazanan Azərbaycanın memarıdır və hazırda onun siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir”.
“Report” xəbər verir ki, bunu TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman mayın 5-də Bakıda keçirilən “Ümummilli lider Heydər Əliyevin xarici siyasət prioritetləri” adlı konfransda deyib.
O qeyd edib ki, Heydər Əliyev tarixi miqyaslı şəxsiyyətdir:
“Hazırda onun haqqında film üzərində işləyirik. Heydər Əliyev unikal insandır: o, iki dəfə siyasətdən gedib, geri dönüb və iki dəfə də son dərəcə uğurla qayıdıb. Tarixdə yəqin ki, belə bir hadisə yoxdur”.
M.Qusman xatırladıb ki, ümummilli lider Heydər Əliyev çox çətin dövrdə, yəni ötən əsrin 90-cı illərində Azərbaycanı xilas edib:
“20-ci əsrdə öz ölkəsini xilas edə bilmiş yalnız iki insanın adını çəkə bilərəm: Uinston Çörçill və Heydər Əliyev. Axı, o vaxt Azərbaycan müxtəlif ölkələrin, klanların və digər xarici qüvvələrin müxtəlif siyasi oyunları üçün “dadlı tikə” idi”.
Onun sözlərinə görə, Heydər Əliyev müstəsna inandırma və arqumentasiya qabiliyyətinə malik idi və buna görə də dünya liderləri ilə uğurlu danışıqlar aparırdı:
“Heydər Əliyev dühası özünü “Əsrin müqaviləsi”nin imzalanması ilə də göstərib. O, bununla bütün ölkələrin maraqlarını birləşdirib. Əlbəttə ki, bu, onun qələbəsi idi. Bu sənəd mahiyyət etibarı ilə “Əsrin müqaviləsi”nə yox, əsrlərin müqaviləsinə çevrilib”.