Parlamentin komitə sədri Zahid Oruc: “3-4 aparıcının arxasında kifayət qədər zövqsüz və savadsız bir kütlə dayanır”

 02-05-2023

“Araşdırmalara görə, yerli TV-lərə baxanların sayı 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə ən azı 10 dəfə azalıb. Səbəblər dərin və çoxşaxəlidir. Onlardan biri dünya televiziyası təcrübəsində ən uğurlu proqram formatları yarada bilməmələri, verilişlərin, yayım ənənəsi, milli xüsusiyyətləri, janrı, kontenti, hədəf auditoriyası, aparıcı peşəkarlığı, təqdimat tərzi və s. aspektlərlə bağlıdır”. 

Bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. 

O bildirib ki, son bir neçə ildə İctimai TV-nin proqramlarının məzmun, keyfiyyət və rəngarənglik meyarına önəm verir. 

“Xüsusilə də digər kanallarda epidemiya kimi yayılan sosial tok-şoularla müqayisədə İTV-də dünyada qəbul edilən meyarlara cavab verən, gündəlik yayımlanan proqramların çəkisi getdikcə artmağa başlayır, keyfiyyət meyarlarına diqqət verilir”, - deyə o əlavə edib. 

Zahid Oruc qeyd edib ki, bayağı məzmunlu, heç bir sosial funksiya daşımayan şou-proqramlar televiziyaların əsas simasına çevrilib. 

“Onlar tədricən öz qarşılarına qoyduğu məqsədlərə nail olurlar. “Instagram”da izləyicilərinin sayı ölkə əhalisinin yarısını üstələyən və ekrandakı izləyicilərini “xalq” hesab edən 3-4 aparıcının arxasında kifayət qədər zövqsüz və savadsız bir kütlə dayanır. Bütövlükdə, Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq və istəkləri tamamilə təhrif edilməkdə, dünyagörüş və mədəniyyəti, dəyərləri ciddi deformasiyaya uğramaqdadır. Bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalması qətiyyən təsadüfi deyil, əksinə düşünülmüş və sistemli xarakter daşıyır”, - deyə Zahid Oruc əlavə edib. 

Deputat bildirib ki, yalnız kommersiya və biznes maraqları, milli-mənəvi dəyərlərin inkarını televiziyalarda görmək olur. 

“İctimai rəydə ziyalı, alim, intellektual obrazlar, Vətən müharibəsinin parlaq simaları deyil, şou əhli cəmiyyətə əsas ideal, dəyər kimi təqdim edilir. Nəticədə bir neçə aparıcı və TV kanalı reklam və sərvət toplayır. TV-lərdə nümunəvi Azərbaycan ailə modeli bu və ya digər şəkildə nəinki təbliğ edilir, əksinə evlilik şoularında bu dəyərlərə ən böyük zərbə vurulur”, - deyə o bildirib.

Aqşin Kərimov

Bənzər yazılar

0.12949800491333