Hazırda məhkəmələrdə ən çox baxılan işlərdən biri də həyat yoldaşının adına götürülən kreditlərin boşandıqdan sonra ödənilməməsi ilə bağlıdır. Xüsusilə də keçmiş həyat yoldaşın adında əmlak yoxdursa bu cür proseslərdə cavabdeh çətin durumda qalır.
“Kriminalqafqaz”ın məlumatına görə, qanunda bu halı tənzimləyici xüsusi bir müddəa olmasa da, bəzi hallarda kreditin yarısını onu götürüb xərcləyən şəxsə ödətdirmək mümkündür. Belə ki, Ailə Məcəlləsinin 37.2-ci maddəsinə görə, ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda məhkəmə bunu nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
Qanuna əsasən, kredit müqaviləsi şəxslə bank arasında bağlandığına görə, borc əsasən, krediti götürən şəxsən və varsa, zamindən tutulur. Amma kredit birgə nikah dövründə əldə edilibsə və hər iki şəxs tərəfindən istifadə olunubsa, kredit məbləğinin yarısını ərdən (arvaddan) tələb etmək olar. Bu münasibəti tənzimləyən norma yoxdur, amma bu o demək deyil ki, məhkəmə bu tələbə baxmaqdan imtina etməlidir. Hər bir halda kreditin nə vaxt götürüldüyü və birgə istifadə edildiyi araşdırılmalıdır. Çünki birgə nikah dövründə qazanılmış əmlak ümumi birgə mülkiyyət sayılır. Lakin burada sırf sizinlə bank arasında bağlanmış kredit müqaviləsi və öhdəlik var. Siz məhkəmədə sübut edə bilsəz ki, krediti vaxtilə ailənin maraqları üçün xərcləmisiz, onda məhkəmə öhdəliyin bir hissəsini keçmiş həyat yoldaşınızın üzərinə qoya bilər.