Emin Əmrullayev: “Məktəblərdə qidalanma ilə bağlı xoşagəlməz halların nazirliyə müəyyən qədər aidiyyəti var”

 26-04-2023

“Son zamanlarda ümumtəhsil müəssisələrində qidalanma ilə bağlı baş verən xoşagəlməz halların Elm və Təhsil Nazirliyinə müəyyən qədər aidiyyəti var. Son baş verən hadisələrin biri qida zəhərlənməsi, digəri isə toksikoloji haldır”.

“Report” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, qida məsələsi məktəblərdə iki yolla tənzimlənir:

“Bunlardan biri bufetlərdir. Bu, özəl sektorların birgə fəaliyyəti əsasında qurulur. Onlar da aidiyyəti dövlət qurumlarının nəzarəti altında olur. Müəyyən edilmiş siyahıya uyğun müvafiq qidaların məktəbdə satışını təmin edirlər.

İkinci model isə daha çox internat tipli məktəblərdədir. Burada uşaqlara gündə 4 dəfə verilən qidalar pulsuzdur. Biz əsasən uşaqlara verilən qidaların keyfiyyətli olmasına nəzarət edirik. Sanitar, gigiyenik qaydalara nəzarət müvafiq quruma aiddir.

Bu il bir dəfə zəhərlənmə halı baş verdi və həmin məsələ araşdırılır. Müvafiq qaydada tədbirlər görülür. Azərbaycanda həm xüsusi mühafizə olunan, həm polis tərəfindən mühafizə edilən məktəblər var”.

Emin Əmrullayev bildirib ki, bütün məktəblərə ən azı həyəcan düyməsi yerləşdirilib: “Bu istiqamətdə müvafiq təlimlər də keçirilir”.

Nazir xatırladıb ki, təhlükəsizlik baxımından ən uğurlu layihə “Məktəblinin dostu”dur: “Artıq 100-dən artıq məktəbdə bu layihə icra olunur. Onu da qeyd edim ki, bir müddət əvvəl məktəbdə qidalanma ilə bağlı hadisədə ilk müdaxiləni direktorla yanaşı məhz “Məktəblinin dostu” etmişdi. Bu layihənin əhatə dairəsinin genişləndirilməsinin tərəfdarıyıq. Nəzərə almaq lazımdır ki, ölkədə 1 milyona yaxın şagird təhsil alır. Belə olan halda da məktəblərdə xoşagəlməz hallardan sığortalanmamışıq. Bu yolla gələcəkdə bu kimi halların qarşısını almaq üçün necə addımlar atmalı olduğumuzu bilərik”.

Bənzər yazılar

0.3014669418335