QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə: “İran əli müsəlman qanına bulaşmış zalım Ermənistana hərtərəfli dəstək verir”

 18-04-2023

“İran əli müsəlman qanına bulaşmış zalım Ermənistana hərtərəfli dəstək verir”.

“Report” xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı tədbirdə çıxışı zamanı deyib.

“Müstəqilliyimizi və qələbəmizi həzm edə bilməyən, nailiyyətlərimizi gözü götürməyən bədxah qüvvələr Azərbaycanın inkişafından, müstəqil siyasətindən ciddi narahat olaraq ölkəmizin daxili işlərinə müdaxilə etməyə, sabitliyi pozmağa cəhdlər edirlər”, - o, vurğulayıb.

O xatırladıb ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalında olduğu dövrdə Qarabağdakı məscid və məbədlərin dağıdılmasına, onların vandalizmə məruz qalmasına, islamda haram buyurulan heyvanlar saxlanılmaqla həqarət olunmasına, xalqımıza qarşı etnik təmizləmə və terrora susqun qalanların, Xocalıda, Ağdabanda azərbaycanlılara qarşı soyqırımı törədən faşist, islamofob Ermənistana dəstək verən, separatçılara yardım edənlərin dini dəyərlərin təəssübkeşi kimi danışmağa haqqı yoxdur.

Onun sözlərinə görə, ölkəmizin Tehrandakı səfirliyinə insan qətli ilə nəticələnən terror hücumu, dövlət atributlarımıza qarşı hörmətsizlik, Konstitusion quruluşumuza qarşı təxribatçı xarakterli təbliğat, siyasi-ictimai xadimlərimizin hədəf alınması insani və beynəlxalq hüquq normalarına zidd hallardır:

“Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən, müsəlman qonşusuna təcavüz edən, əli müsəlman qanına bulaşmış zalım Ermənistana İranın hərtərəfli dəstəyi, qədim Azərbaycan məskəni Qafanda konsulluq açması, hər iki tayında yaşayan azərbaycanlılar üçün müqəddəs olan Araz çayı boyunca hərbi təlimlər keçirməsi, işğalçı, qəsbkar Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi ilə bərabər tutması Ermənistanı yeni müharibəyə cəsarətləndirmək, revanşizmə kökləməkdir və açıq anti-Azərbaycan siyasətinin tərkib hissəsidir. Bütün bunlar Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmir və qətiyyətlə qınanılır.

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən qonşuları ilə, o cümlədən, İran dövləti ilə mehriban qonşuluq, İslami həmrəylik prinsiplərinə əsaslanan münasibətlər qurmaq, bütün müstəvilərdə əlaqələri dərinləşdirilmək niyyəti nümayiş etdirmişdir. Bu gün də Azərbaycan cəmiyyəti bu prinsipləri əsas tutur və eyni münasibəti qarşı tərəfdən də gözləyir”.

Bənzər yazılar

0.21141195297241