Vacib kitabın nəşri niyə gecikir? - “Düşünməlidirlər ki, lüğəti hazırlamağa mənəvi haqları çatır, yoxsa yox”

 14-04-2023

“Azərbaycan dilinin bazası yaradılır. Ona görə “Orfoqrafiya lüğəti”nin təqdimatı bu ilin sonuna çatmaya bilər”.

Bu barədə Milletinsesi.info-a AMEA Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İsmayılov deyib. O xatırladıb ki, plana əsasən, “Orfoqrafiya lüğəti” beş ildən bir yenilənməlidir: 

“Amma hər dəfə nöqsanlar ortaya çıxır. Lüğətin bir neçə şəxs tərəfindən hazırlanması aktuallığını itirməsinə səbəb olur. Dilin xüsusi bazası, korpusu yaranmalıdır. Bütün sözlərin işlənmə tezliyi toplanır. Tələblərə cavab verən söz lüğətə salınır, az işlənən sözlər isə salınmır.

Dilin bazasının yaradılması institutun iki şöbəsinə həvalə olunub, hazırda gərgin iş gedir. Əvvəlki qaydada olsaydı, lüğət çoxdan hazır idi. Amma dilin korpusunun yaradılması ilk dəfə olduğundan çətin və uzun prosesdir. Mən də daxil olmaqla dilçilərin əksəriyyəti bildirmişik ki, dilin korpusunu yaratmamış, lüğət hazırlamağa ehtiyac yoxdur. Bu işə İsmayıl Məmmədli (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Tətbiqi dilçilik şöbəsinin müdiri,  filologiya elmləri doktoru, professor - red.) cavabdehdir.

Orfoqrafiya lüğəti ilin sonuna çata da bilər, çatmaya da bilər”.

Elçin İsmayılov deyib ki, institut və dilçilər kommersiya məqsədi ilə kimlərinsə lüğət hazırlamağına etiraz edə bilmirlər. Bu isə uyğunsuzluqların yaranmasına gətirib çıxarır:

“Lüğət hazırlayanlar ən azından düşünməlidirlər ki, bu lüğəti hazırlamağa mənəvi haqları çatır, yoxsa yox. Sahə terminləri lüğətləri hazırlanır, bizdən də məsləhətlər alırlar, bunu alqışlayırıq. Amma respublika əhəmiyyətli orfoqrafiya, orfoepiya, izahlı lüğətlərin hazırlanmasında mütləq mütəxəssislərdən tövsiyə alınmalıdır. İctimaiyyət də cəlb edilməlidir. Bu, çox məsuliyyətli işdir”.

Xatırladaq ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1929-cu ildən bu günədək Dilçilik İnstitutunda hazırlanaraq nəşr edilir. “Azərbaycan Respublikasının Dövlət Dili haqqında” Qanuna əsasən, “Orfoqrafiya lüğəti” ən geci beş ildən bir təkmilləşməli və nəşr edilməlidir. 2004-cü ildə nəşr olunmuş lüğətdən sonra növbəti lüğət 2012-ci ildə nəşr olunsa da, Prezident Administrasiyası tərəfindən kitabdakı ciddi qüsurlara görə AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib və “Orfoqrafiya lüğəti”nin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verilib. Sonuncu dəfə 2021-ci ildə lüğətin 90 min sözdən ibarət yeddinci, yenidən işlənmiş nəşri çapdan çıxıb.

Aysel Aslan

Bənzər yazılar

0.36400508880615