Valideyndən bağçada pul istəsələr, hara məlumat verməlidir?

 13-04-2023

“Uşaq bağçalarında valideynlərdən pul tələb edilməsi halları olarsa, aidiyyəti üzrə müraciət edilməsi xahiş olunur. Çünki bu kimi faktlarla qarşılaşdıqda ona dərhal reaksiya veririk”.

“Report”un xəbərinə görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, bu kimi hallarla bağlı nazirliyə müraciətlər olur və məsələ operativ şəkildə araşdırılır: “Elm və Təhsil Nazirliyinin tabeliyindəki 1700-ə yaxın bağçanın monitorinqi aparılıb”.

O bildirib ki, monitorinq zamanı infrastrukturla bağlı ciddi problemlər aşkarlanıb: “Bəzi bağçaların əsaslı təmirə ehtiyacı var. Bir çox bölgələrdə bağça ehtiyacları da var. Bu ehtiyacları müəyyənləşdirib müvafiq işlər aparmağı düşünürük. Həmçinin araşdırmalarımız göstərdi ki, bir çox tərbiyəçinin ciddi təlimlərə ehtiyacı var, tədrislə bağlı resurs qıtlığı müşahidə edilir. Bu nəticələrlə bağlı nazirlikdə həm qısamüddətli, həm də uzunmüddətli həllər işlənib-hazırlanıb. Bu günə qədər apardığımız araşdırmalar nəticəsində məlum olub ki, bölgələrdə bir çox bağçaların ciddi təmirə ehtiyacı var”.

O bildirib ki, hətta bir sıra bölgələrdə bağçanın açılmasına ehtiyac var və bu istiqamətdə işlər aparılır.

E.Əliyev vurğulayıb ki, bu günə qədər bağçaların çox vaxt qayğı mərkəzi kimi başa düşüblər: “Hansı ki valideyni çalışan uşaqlar burada qayğı ilə əhatə olunurlar. Bütün elmi araşdırmalar isə göstərir ki, bağçalar öyrənmə yeri olmalıdır. Bundan başqa, bağça tərbiyəçilərinin ciddi təlimlərə ehtiyacı olduğu da bəllidir. Resurs çatışmazlığı səbəbindən uşaqların inkişafı ilə bağlı problemlər var. Adlarını yazdırıb uzun müddət bağçaya gəlməyən uşaqların xaric olunması ilə bağlı müəyyən prosedurlar hazırlana bilər”.

O bildirib ki, bununla bağlı normativ sənədlərə düzəliş etməklə həll yolu axtarılır: “Yay aylarında bağçalara qəbul prosesi açılacaq. Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən elə uşaq bağçaları var ki, 300-ə yaxın valideyn növbə gözləyir”.

Şöbə müdirinin sözlərinə görə, bu istiqamətdə monitorinq aparılır: “Bu müddət ərzində davamiyyətə baxılıb. Bəzi hallarda belə məlumat daxil olur ki, növbədə gözləyənlər çoxdur, amma adları yazılanlar bağçaya gəlmirlər. Bağçalarda 75-85% davamiyyət olur. Yerdə qalan uşaqlar mütəmadi bağçaya gəlmirlər. Ümumilikdə monitorinq nəticələrinə görə bəzi bağça müdirləri vəzifə öhdəliklərini düzgün yerinə yetirə bilmirlər. Bu səbəbdən çox sayda bağça müdiri işdən çıxarılıb”.

Bundan başqa Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib ki, bu ilin ötən dövründə 18 bağça müdiri işdə yol verdiyi nöqsanlara görə vəzifədən azad olunub. O bildirib ki, ötən il isə 14 bağça müdiri işdən çıxarılıb.

Bənzər yazılar

0.43225193023682