Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutun əməkdaşları narazıdırlar.
Onların sözlərinə görə, “Dendrologiya Bağı” publik hüquqi şəxs statusunu aldıqdan sonra bir sıra problemlə üzləşiblər:
Vəziyyət o yerə gəlib çatıb ki, institutda illər boyu elmi fəaliyyətlə məşğul olan görkəmli elmi əməkdaşları təhdid edilir. Bütün elmi tədqiqat avadanlıqlarının əlimizdən alınacağı, institutu bağlatdıracaqları ilə bağlı məlumatlar verilir”.
Qeyd edək ki, zəngin tarixə malik Dendrologiya İnstitutu 1924-1926-ci illərdə akademik Nikolay İvanoviç Vavilovun təşəbbüsü ilə Ümumittifaq Təcrübi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya filialının tərkibində yaradılıb.
1966-1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun strukturuna daxil olub. 1996-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi, Biologiya və Tibb Elmləri Bölməsinə tabe edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli, 104 saylı qərarına əsasən, Mərdəkan Dendrarisinə AMEA-nın Dendrologiya İnstitutu hüquqi statusu verilib.
“İnstitutun müasir avadanlıqlarla təchiz edilmiş səkkiz laboratoriyasının əməkdaşları tərəfindən, Böyük Qafqaz və Kiçik Qafqaz ərazilərində monitorinqlər aparılır, Azərbaycan dendroflorasının müasir vəziyyəti öyrənilir, işğaldan azad olunmuş ərazilərdə tədqiqat işlərinin aparılması üçün müxtəlif mövzular üzrə mərhələlər hazırlanır, ekosistemin bərpası, bitkilərin ekoloji-coğrafi təhlili, iqlim dəyişkənliyinin və antropogen amillərin təsiri nəticəsində bitkilərin areallarının dəyişmə səbəbləri araşdırılır.
Dendrologiya İnstitutunda MDB ölkələri Beynəlxalq Botanika Bağları Cəmiyyətinin III Qurultayı və altı Beynəlxalq elmi konfrans (2006, 2010, 2013, 2015, 2017, 2022) keçirilib. Hazırda Dendrologiya İnstitutu 30-a yaxın nüfuzlu Beynəlxalq Elmi Cəmiyyətlərlə, elmi-tədqiqat institutları və ali təhsil ocaqları ilə imzalanmış elmi-texniki əməkdaşlıq müqavilələri əsasında birgə elmi-tədqiqat işlərini davam etdirir. Dünyanın müxtəlif botanika bağları və institutları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində toxum mübadiləsi edilir, flora zənginliyi artırılır.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mərkəzi Nəbatat Bağında aparılan təmir işləri nəticəsində Botanika İnstitutunun yerləşdiyi binanın söküləcəyi bildirilmişdi. Əməkdaşları narahatdırlar ki, illərlə qurudulub saxlanılan herbari fondu məhv olacaq.