Qarabağ Regional Təhsil İdarəsi Bərdə Rayonu üzrə Təhsil Sektorunda külli miqdarda yeyintiyə görə yoxlamalara başlayıb.
Milletinsesi.info-ın məlumatına görə, sektorun mühasibinin 150 min manat mənimsəməyə yol verdiyi bildirilir.
Belə ki, analıq və əmək məzuniyyətinə çıxanların ödənişləri, eləcə də, əvəzçilik pulları az hesablanaraq mənimsənildiyi vurğulanıb.
Qarabağ Regional Təhsil İdarəsindən Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat doğrudur və məsələ barədə idarə tərəfindən Baş Prokurorluğa müraciət edilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsi Bərdə Rayonu üzrə Təhsil Sektorunda külli miqdarda yeyintiyə görə daha bir açıqlama verib.
Qurumdan Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, idarə tərəfindən rayonlar üzrə mərkəzləşdirilmiş mühasibatlıqlarda yoxlama həyata keçirilib:
“Yoxlama prosesi zamanı Bərdə rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlıqda əmək müqaviləsinə xitam verilmiş işçilərə son haqq-hesab dəfələrlə hesablanaraq dövlət büdcəsinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənildiyi müəyyən edilib. Məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilib”.
Qeyd edək ki, 2022-ci ilin iyunun 25-d Təhsil naziri Emin Əmrullayev əmri əsasında Qurban Məmmədov Qarabağ Regional Təhsil İdarəsi üzrə Bərdə rayon Təhsil sektoruna yeni müdiri təyin olunub.
Qurban Məmmədov bu təyinatadək Bərdə şəhər Akademik Zərifə Əliyeva adına Məktəb Liseydə direktor vəzifəsində çalışıb.