Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Region Press” MMC (VÖEN – 2000827481) olub.
“Region Press” MMC Fizika İnstitutunun sifarişi əsasında Rusiyada nəşr olunan 8 adda elmi jurnalları satın alacaq. Satın alınacaq jurnallar üçün 12 min 143 manat 44 qəpik ödəniləcək.
Qeyd edək ki, “Region Press” MMC 07.09.2006-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC Bakı şəhəri, Xətai rayonu, Neapol, ev 21, m. 44 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Dilanov Gündüz Həsrət oğludur.
Tenderlə bağlı diqqət çəkən məqam odur ki, müsabiqənin qalibi olan MMC-nin qanuni təmsilçisi Dilanov Gündüz Həsrət oğlu 2019-cu ilə kimi AMEA-da Mətbuat orqanları şöbəsinin müdiri olub.
Onu da bildirək ki, AMEA Fizika İnstitutunun ötən il keçirdiyi analoji tenderin də qalibi “Region Press” MMC olub. Keçən il Rusiyada nəşr olunan 9 adda elmi jurnallar üçün 14 min 984 manat 20 qəpik alıb.
Xatıraldaq ki, AMEA Fizika İnstitutunun satın almaq istədiyi elmi jurnalların Rusiyadakı satış (abunə) qiyməti tenderdə qeyd olunan qiymətdən aşağıdır.
A. Cəfərov