“MiniBoss Business School Baku”nun təşkilatçılığı ilə sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında “Startap Forumu 2023” keçirilib.
Milletinsesi.info xəbər verir ki, tədbir çərçivəsində on dörd komanda müxtəlif sahələr üzrə biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş ediblər.
“MiniBoss Business School Baku”nun təsisçisi Nərminə Həsənova isə bildirib ki, bu gün keçirilən forumda 14 komanda öz layihələrini münsiflər heyətinə təqdim edəcək:
“Hər dəfə olduğu kimi bu gün də keçirilən “Startap Forum” uşaqlara və yeniyetmələrə öz istedadlarını ortaya qoymağa kömək edən bir platformadır. Hər il “MiniBoss Business School”un şagirdləri öz layihələrini münsiflərə təqdim edirlər və layihələrinin layiq görüldüyü qrantları alırlar. Ayrılan qrantlar vasitəsilə komandalar təqdim etdikləri layihələri gerçəkləşdirirlər. İyulun 15-də keçirilən Milli Çempionatda komandalar artıq hazır məhsulla yenidən münsiflər qarşısında çıxış edəcəklər.
Bu forumda təqdim ediləcək layihələrin sayı 14-dür. Qeyd edim ki, ötən il layihələrə ayrılan qrantın minimum məbləği 400 manat, maksimum isə 5000 manat olub”.
Bu dəfə isə “MiniBoss Business School Baku”un direktoru Alina Xəlilova isə bildirib ki, ildən ilə keçirilən foruma hər dəfə uşaqlar və yeniyetmələr maraqla qoşulur:
“Forumda iştirak edən 14 komandanın hər biri sosialyönümlü müxtəlif layihələr təqdim edəcək. Bura alternativ enerji, qida sektoru, tekstil, İKT və digər sahələri əhatə edən maraqlı layihələrimiz olacaq. Bütün komandalara uğurlar arzu edirik”.
Forumda münsiflər heyətinin üzvləri KOBİA-nın idarə heyətinin sədr müavini Rüfət Atakişiyev, Avropa-Azərbaycan məktəbinin direktoru Françesko Bançini, “British Council”un Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, Azərbaycan üçün Birlik Yardım Fondunun (UAFA) təsisçisi Given Burçel, Bakı Beynəlxalq Təhsil Mərkəzinin ( NCUK) rəhbəri Bəsti Ağarzayeva, “PAŞA Holding”də İnnovasiyalar üzrə Proqram rəhbəri Fərrux Əliyev layihələri dinləyib, uşaqlara startaplar barədə suallar veriblər.
“Screenish”, “VIP Puzzle”, “Scenty sport”, “Dulce Date Bar”, “Econotes”, “Challenger”, “Optimal Water Generator”, “Yummy Gummy”, “WoodMood”, “BeSafe”, “Box from my land”, “Infanimals” komandalarının təqdim etdiyi startap layihələr münsiflər heyəti tərəfindən dəyərləndirilib və komandalara layihələrinin həyata keçirilməsi üçün müvafiq qrantlar ayrılıb.
Qrant məbləği minimum 210 ABŞ dolları (357 AZN), maksimum isə 2010 AZN təşkil edir.
Münsiflər heyəti tərəfindən komandalara aşağıdakı məbləğdə qrantlar ayrılıb:
“Screenish” komandası 1000 AZN,
“VIP Puzzle” - 1300 AZN
“Scenty sport” - 600 AZN
“New energy generator” - 500 AZN
“Dulce Date Bar” - 500 AZN
“Econotes” - 1000 AZN
“Challenger” - 1400 AZN
“Yummy Gummy” - 2000 AZN
“WoodMood” - 2000 AZN
“BeSafe” - 2000 AZN
“Box from my land” - 2010 AZN
“Infanimals” - 1800 AZN
“Smart Robot Cyclist” - 210 dollar
“Drewdrops” - 450 dollar.
Tədbirin yekununda komandalara layihələri üçün ayrılan qrantlar təqdim edilib.
Qeyd edək ki, bu il “Miniboss Business School” məktəbinin tələbələri ilə yanaşı ölkə üzrə digər orta ümumtəhsil müəssisələrindən də komandalar startap layihələrinin təmsil ediblər. Gənc sahibkarlar tərəfindən cari ildə də biznesyönümlü startaplarla yanaşı, sosialyönümlü layihələr də təqdim edilib. Qida, ekologiya, alternativ enerji, İT və bir çox sahələrdə təmsil olunan startaplar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
“Miniboss Business School” qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70 filialda mövcud olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaş arası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan “Miniboss Business School” hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında “Startap Forum”, Milli və Dünya çempionatları təşkil edir. Xatırladaq ki, bu il dünya çempionatı 16-20 iyul tarixlərində Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək.
Daha çox foto burada: PhotoStock.az