Region ölkələrində insanlar neçə il pensiya alır? – Azərbaycan sonuncudur + Siyahı

 27-03-2023

Fransada hakimiyyətin həyata keçirdiyi pensiya islahatlarına qarşı aksiyalar səngimək bilmir. Milyonlarla insan küçələrə çıxaraq pensiya yaşının 62-dən 64-ə qaldırılmasına etiraz edirlər.

Yeniavaz.com xəbər verir ki, Fransa Senatı pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı qanun layihəsini qəbul edib. Bu isə o deməkdir ki, hazırda Fransada orta ömür müddəti (82 yaş) ilə pensiya yaşı (64 yaş) arasındakı fərq 18 ilə bərabərdir. Bu gözlənilən pensiya ödənişi müddətidir. Yəni, Fransa vətəndaşları orta hesabla 18 il müddətində pensiya almaq imkanına sahibdirlər.

Müqayisə üçün bildirək ki, Azərbaycanda gözlənilən pensiya ödənişi müddəti hazırda 9 ilə bərabərdir.

Bildiyimiz kimi, 2017-ci ildə Azərbaycanda “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bu isə o deməkdir ki, hazırda Azərbaycanda kişilər 65 yaşında, qadınlar isə 63 yaşında pensiyaya çıxa bilirlər. Azərbaycanda orta ömür müddəti isə 73 yaşa bərabərdir.

Rəqəmlərdən də göründüyü kimi Fransada gözlənilən pensiya ödənişi müddəti Azərbaycanla müqayisədə 9 il çoxdur.

Onu da qeyd edək ki, region ölkələriylə müqayisədə də Azərbaycanda gözlənilən pensiya ödənişi müddəti azdır.

Aşağıdakı cədvəldə dünyanın aparıcı təşkilatlarından biri olan Əhali Referans Bürosunun (The Population Reference Bureau - PRB) və məşhur “tradingeconomics.com” portalının məlumatlarına istinadən region ölkələrində gözlənilən pensiya ödənişi müddətini təqdim edirik:



Məlumat üçün onu da bildirək ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişikllik edilərək pensiya yaşının artırılmasının əsas səbəblərdən biri kimi Azərbaycanda orta ömür müddətinin artdığı göstərilib. 2017-ci ildə açıqlanan rəsmi məlumatlarda göstərilirdi ki, Azərbaycanda gözlənilən orta ömür uzunluğu kişilər üçün 73,1 yaş, qadınlar üçün 77,8 yaş təşkil edib. Həmin dövrdə pensiya yaşının kişilər üçün 64, qadınlar üçün 61 yaş olduğunu nəzərə aldıqda, gözlənilən pensiya ödənişinin orta müddəti kişilər üçün 9,1 il, qadınlar üçün isə 16,8 il olmaqla, ümumilikdə orta hesabla 13 il təşkil edib.

Lakin, 2017-ci ildən sonra Azərbaycanda həm kişilərin, həm də qadınların gözlənilən orta ömür uzunluğu azalıb. Dövlət Statistika Komitəsinin 2021-ci il üçün açıqladığı sonuncu statistik məlumatlarda göstərilir ki, orta ömür uzunluğu kişilər üçün 71,3 yaşa, qadınlar üçün 75,9 yaşa düşüb. Pensiya yaşı isə qeyd etdiyimiz kimi kişilər üçün 65, qadınlar üçün 63 yaşa yüksəlib. Nəticədə Azərbaycanda gözlənilən pensiya ödənişinin orta müddəti kişilər üçün 6, qadınlar üçün isə 13 il olmaqla 9,5 il təşkil edib. Açıqlanan rəsmi rəqəmlərdən də göründüyü kimi 2017-ci illə müqayisədə hazırda Azərbaycanda pensiya ödənişinin orta müddəti 3,5 il azalıb.

A. Cəfərov

Bənzər yazılar

0.89770317077637