“Oğlumu öldürüblər, adını da intihar qoyublar. O, İkinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə iştirak etmişdi, hətta yaralanmışdı da. Döyüşlərdə şücaət göstərdiyi üçün medallarla təltif olunmuşdu. Müharibənin qızğın vaxtında, döyüşlərdə intihar etmədi. İndi intihar etdi?”.
Bunu Meydan TV-yə Culfanın Göydərə kənd sakini Mikayıl Quliyev deyir.
O iddia edir ki, oğlu, Silahlı Qüvvələrin zabiti Şamil Quliyevin ölümü intihar xarakterli deyil:
“Oğlum Beyləqanda yerləşən “N” saylı hərbi hissədə baş leytenant hərbi rütbəsində xidmət edirdi. İşi ilə əlaqədar da Beyləqanda kirayə yaşayırdı. Ayyarım idi ki, evlənmişdi. 2022-ci il sentyabrın 16-da səhər anası ilə danışmışdı. Həmin gün axşam da bacıma-qardaşıma zəng edib, deyib ki, bizə əmr gəlib, müharibə bölgəsinə gedirik, telefonuma zəng çatmasa, nigaran qalmayın. Sentyabrın 17-də səhər hərbi hissədən zəng gəldi ki, oğlunuz yaralanıb. Bunu eşidən kimi tələsik Beyləqana yolla düşdük. Yolda olanda bizə dedilər ki, bəs oğlunuz intihar edib”.
Valideyn oğlunun intiharında şübhəli və ziddiyyətli məqamların olduğunu deyir:
“Şamilin meyitini kirayə yaşadığı evin darvazasından bayırda, küçədəki qaz borusundan asılı vəziyyətdə tapıblar. Əgər bu intihardırsa, niyə özünü evində, hamamında deyil, küçədə asıb? Özünü asırdısa, ayağının altında nəsə olmalı idi. Niyə özünü ayağında başmaqla asırdı? Ayağının altında da heç nə yox idi. Başmaq da ayağından yerə düşəməmişdi”.
Şikayətçi istintaqın gedişatından narazı olduğunu deyir.
Bildirir ki, işi aparan müstəntiq proseslə bağlı onu məlumatlandırmır: “Xəbərimiz və razılığımız olmadan oğlumu yarıb, sonra da morqa atıblar. Ekspertiza rəyini bizə açıqlamadılar, sonradan öyrəndim ki, boğulma kimi qeyd olunub. İşin gedişatı ilə əlaqədar bizə heç bir məlumat verilmir. Müstəntiqə zəng edəndə deyir ki, arxayın ol, iş gedir”.
Mikayıl Quliyev məsələ ilə əlaqədar prezidentə, birinci-vitse prezidentə, Müdafiə Nazirliyinə, Hərbi və Baş Prokurorluqlara müraciət etsə də, şikayətinə baxılmadığını bildirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 2022-ci ilin sentyabrın 17-də 1997-ci il təvəllüdlü Şamil Quliyevin Beyləqan rayonu ərazisində özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb:
“Araşdırma zamanı Şamil Quliyevin özünü öldürməsi faktında kənar şəxs və ya şəxslərin təsiri müəyyən edilmədiyindən Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib”.