Paytaxtın Nərimanov rayonundakı “Ankara Məktəbi” məktəb-liseyi (keçmiş 77 nömrəli tam orta məktəb) həmişə müəllim və şagirdlərinin Bakı və respublika üzrə yaxşı göstəriciləri ilə seçilib. Uzun illərdir ki, bu təhsil müəssisəsinə rəhbərlik edən Səmayə Eynullayeva əlinə düşən hər fürsətdə, yuxarı rəhbərliyə hesabatlarında, ictimai tədbirlərdəki çıxışlarında, KİV-ə verdiyi müsahibələrdə liseyin məzunlarının ali məktəblərə qəbul göstəricilərinin yuxarı olması ilə öyünür.
Amma məktəbin vəzifəsi təkcə savad deyil, həm də tərbiyə vermək, yalnız ali məktəblərə qəbul olunan məzunlar deyil, eləcə də dövlətə layiqli vətəndaşlar yetişdirməkdir. Əvvəlcə gəlin görək, direktorun üstündə möhkəm dayandığı bu “əsas” nailiyyət nəyin hesabına əldə olunur: Bəri başdan qeyd edək ki, əsla məktəbin özündə keçirilən dərslərin keyfiyyətinə görə yox! Liseydə IX – XI sinif şagirdləri dərsə gəlmir, repetitor yanına gedirlər.
Redaksiyamıza verilən məlumatlarda qeyd olunur ki, Elm və Təhsil Nazirliyi məktəb-liseyi yalnız maye sabun və xlorla təchiz edir. Qalan ləvazimatları uşaqlara aldırırlar. Sinif otaqlarının pəncərələrinə pərdələri sinif rəhbərləri alırlar
Dərs yükünün bölüşdürülməsi də pulludur. Meyar kimi rüşvətə önəm verilməsi hesabına məktəb-liseydə pensiya yaşını keçmiş müəllimlərə dərs yükü verilir. Yaş senzini keçənlər direktorla “dil taparaq” müqavilə müddətini uzatmağa nail olurlar.
Qeyd olunur ki, məktəb-lisey rəhbərliyi ibtidai sinif şagirdlərindən hər birindən ildə 1 dəfə 100 manat ödəniş alır. İbtidai siniflərdə fənn müəllimlərinin hər birindən 50 manat, sinif rəhbərlərindən isə 100 manat yığılır.
Hal-hazırda isə 8 mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar pul yığımına start verilib və şagirdlərdən pul toplanılması ilə valideyn komitələri məşğul olurlar. Az pul verən uşaqların valideynləri sinif rəhbərləri tərəfindən vatsapda “qara siyahı”ya salınırlar.
İndi özünüz fikirləşin, erkən yaşlarından rüşvətə öyrəşdirilən, valideyninin pulu olmadıqda məktəbdə utanan uşaq nə qədər mükəmməl təlim alsa da, tərbiyəsi necə naqis olmaya bilər? Dərsi repetitordan öyrənirsə, məktəbdəki müəlliminə necə hörmət bəsləyər?
Saytımızın oxucuları ilə növbəti görüşlərimizdə “Ankara məktəbi” məktəb-liseyinin valideyn komitələri rəhbərlərinin vatsap qruplarında paylaşdıqları ilginc səsli mesajları təqdim edəcəyik.
Mənbə: Nyus.Az