Bakıda ağacların dibi betonlanıb.
Milletinsesi.info xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, paytaxtın Nizami rayonu, Nəsimi küçəsində, eləcə də Xətai rayonu, Ukrayna dairəsi ətrafında ağacların dibi betonlanıb.
Nizami rayonu, Nəsimi küçəsində ağacların dibinin betonlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Qafar Ağayev Milletinsesi.info-a bildirib ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının nəzarəti altında Nizami rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən sözügedən ağacın kök hissəsi beton örtükdən təmizlənib və ona aqrotexniki xidmət göstərilib:
“Gələcəkdə belə hallara yol verilməməsi üçün Nizami Rayon İcra Hakimiyyətinə müraciət olunub”.
Q. Ağayev onu da qeyd edib ki, Xətai rayonu, Ukrayna dairəsindəki ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə isə Xətai Rayon İcra Hakimiyyətinə müraciət olunub.