Vüqar İsmayıl oğlu Əliyev Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təsdiqlənib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov martın 9-da sərəncam imzalayıb.
Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev 24 noyabr 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
2000-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini, 2002-ci ildə isə magistratura pilləsini idarəetmə istiqaməti üzrə fərqlənmə diplomları ilə bitirmişdir.
Əmək fəaliyyətinə Bakı şəhər İcra Hakimiyyətində mütəxəssis vəzifəsində başlamış, daha sonra aparıcı mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirmişdir.
2006-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentində aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində işləmişdir.
2008-2016-cı illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsində böyük inspektor, baş inspektor, 2016-2018-ci illərdə isə Komitənin Analitik şöbəsinin rəisi vəzifələrində çalışmışdır.
Komitə sədrinin müvafiq əmrinə əsasən 6 sentyabr 2018-ci il tarixindən Komitənin Sosial innovasiyalar və analitik təhlil İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli 2631 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, Komitə sədrinin müvafıq əmrlərinə əsasən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilmişdir.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi gömrük xidməti polkovniki Vüqar Əliyev daha öncə Naçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifələrini icra edirdi.