IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət martın 6-da sakinlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında və tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib.
Yenilənmiş həyət Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “Q” massivi, Süleyman Əhmədov küçəsində 1200 sakinin yaşadığı 21, 22, 23, 24, 25, 26, 27 nömrəli çoxmərtəbəli binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə fiziki məhdudiyyətli və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 7 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 1300 ədəd müxtəlif cinsli ağaclar əkilib, 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsini səmərəli şəkildə azalda bilən minlərlə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” yaradılıb.
Sözügedən layihə çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.