“Yenidən qardaş Türkiyə torpaqlarında olmağımdan çox məmnunam. Bütün türk qardaşlarımı səmimi qəlbdən salamlayıram. Azərbaycandan hərarətli salamlar gətirmişəm”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.
“İlk növbədə əziz qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm. Bu gözəl hava limanının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində də böyük layihələr icra etməyə qadirdir.
Bunlar arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, yollar, körpülər, məktəblər, xəstəxanalar - bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir. Bütün bu işlərin mərkəzində insan faktoru dayanır, dövlət siyasəti dayanır.
Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Azərbaycan-Türkiyə birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik. Xoş günlərdə, yaxşı günlərdə, pis günlərdə.
Mən ilk dəfədir ki, Rizedəyəm. Bu diyar haqqında çox eşitmişəm. Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir.
Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir. Amma ən böyük sərvət bu bölgənin insanlarıdır. Mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara.
İkinci Qarabağ müharibəsi bizim müştərək, ortaq şanlı tariximizdir. 30 illik işğala son qoyduq. Müharibənin ilk günündə cənab Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Müharibənin son dəqiqəsinə qədər, Şuşa şəhərinə bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi. Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.
Bu gün də biz biryerdəyik. Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Minlərlə bizim türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir. Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik. Ölkələrimiz çox böyük sınaqlardan keçib.
Keçən il bizim qədim və tarixi şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında birgə bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır. Atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”, - Prezident vurğulayıb.