Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçiriləcək.
Milletinsesi.info-ın məlumatına görə, qarşılaşmalardan biri əyalətdə, digəri paytaxtda baş tutacaq.
Günün ilk görüşündə “Qəbələ” evdə “Sumqayıt”ı sınağa çəkəcək. Hazırda “qırmızı-qaralar” 28 xalla 5-ci, “gənclik şəhəri” təmsilçisi isə 18 xalla 7-ci pillədə yer alıb.
Komandalar bunadək ölkə çempionatında öz aralarında 41 oyun keçiriblər. Bunların 23-ü meydan sahiblərinin, 5-i qonaqların xeyrinə başa çatıb. 13 qarşılaşmada qalib müəyyənləşməyib. Bölgə təmsilçisinin vurduğu 65 qola sumqayıtlılar 30 topla cavab veriblər.
“Qəbələ” son 5 oyunda fərqlənə bilib. “Sumqayıt” 6 matçdır qələbə qazanmır.
Günün son oyununda 45 xalla 3-cü pillədə qərarlaşan “Neftçi” 16 xalla autsayder olan “Səbail”i qəbul edəcək.
İki komanda indiyədək Premyer Liqada 21 dəfə üz-üzə gəlib. Bunların 16-da “ağ-qaralar”, 2-də “dənizçilər” qələbə qazanıblar. 3 qarşılaşma isə heç-heçə ilə başa çatıb. Topların nisbəti də Laurentsiu Regekampfın baş məşqçi olduğu kollektivin xeyrinədir - 46:12.
Azərbaycan Premyer Liqası
XXIII tur
18 fevral
15:00. “Qəbələ” - “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu.
17:30. “Neftçi” - “Səbail”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”.
Qeyd edək ki, açılış oyununda “Kəpəz” Gəncədə “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edib. Turun “Zirə” - “Qarabağ” və “Sabah” - “Turan Tovuz” matçları fevralın 19-da keçiriləcək.