Ulu öndər Heydər Əliyev və Azərbaycanın sahibkarlığı

 09-05-2022

"Azərbaycanın 1969-cu ildən başlayan otuz beş illik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın tarixini yaradan dahi şəxsiyyət, müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhtəsinə götürən və bunu bacaran əvəzolunmaz liderdir.

Heydər Əliyevin Azərbaycana hələ birinci rəhbərliyi dövründə həyatın bütün sahələrində olduğu kimi, bədən tərbiyəsi və idmanın da inkişafına xüsusi diqqət yetirib.

emil semenderov
İş adamı Emil Səməndərov

Şəhər və rayonlarımızda idman qurğuların, olimpiya komplekslərinin, meydançaların inşası, böyük idman-sağlamlıq mərkəzlərinin yaradılması gənclərin bu sahəyə marağının artmasında mühüm rol oynayıb”.

 

Bu fikirləri açıqlamasında tanınmış iş adamı Emil Səməndərov bildirib.

İş adamı ümummilli liderin sahibkarlara verdiyi dəstək barədə danışarkən vurğulayıb ki, bu sahədə yaradılan şərait birbaşa olaraq ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır:

“Xatırlatmaq yerinə düşər ki, "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" - deyən ulu öndər ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu hər zaman vurğulayıb.

Onun təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramının (1997-2000-ci illər)" və "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı Dövlət Proqramının (2002-2005-ci illər)" həyata keçirilməsi təmin edilib. Bu proqramlar ölkədə sahibkarlığın formalaşması və inkişaf modelinin əsasını yaradıb. Belə ki, qeyd olunan proqramlarda kiçik və orta sahibkarlığın hüquqi bazası yaradılmış, sahibkarlığın təşəkkülü və inkişafı üçün əlverişli mühit formalaşıb, sahibkarlığın səmərəli dövlət tənzimlənməsi təmin edilib.

Sahibkarlığın inkişafı istiqamətində Ulu Öndərin prinsip və ənənələri bu gün dövlət başçısı İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Cənab İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı, "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına mühüm rol oynayır”.

İş adamı Emil Səməndərov fikirlərinə belə davam edib: “Müstəqil və qüdrətli Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, möhtəşəm nailiyyətlər qazanaraq tarix yazır. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan, Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən Orduya malik olması Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən birinin bariz nəticəsi sayıla bilər”.

Bənzər yazılar

0.20944094657898