Arzu Nağıyev: “Səfirliyimizə edilən hücumda İran tərəfinin öz marağı olub”

 30-01-2023

“İran xüsusi xidmət orqanları bu terror hadisəsini dərindən araşdırmalıdırlar”.

Oxu.az xəbər verir ki, bu sözləri deputat Arzu Nağıyev şəhid Orxan Əsgərovun ailəsinə başsağlığı verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bütün araşdırmalar dərindən və Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə aparılmalıdır:

“Şəffaf araşdırma nəticəsində ortaya materiallar qoyulmalıdır. Bu, həqiqətən terrordur. Necə ola bilər ki, avtomatla silahlanmış şəxs səfirliyə hücum etsin, amma İranın yerli hüquq-mühafizə orqanları buna mane olmağa cəhd belə etməsin. Düşünürəm ki, burada İran tərəfinin öz marağı olub.

Orxan Əsgərovun ailəsinə başsağlığı verirəm. Səfirlikdəki digər əməkdaşları müdafiə edərkən yaralanan soydaşımıza da Allahdan şəfa diləyirəm”.

A.Nağıyev qeyd edib ki, bu gün İranla olan diplomatik münasibətlər dərindən sarsıldı:

“Bizim diplomatik missiyamız sona yetdi. İran tam şəkildə diplomatik münasibətləri dəyərləndirə bilmirsə, beynəlxalq konvensiyanın qaydalarına əməl edə bilmirsə, orada diplomatik missiyadan söhbət gedə bilməz. XİN rəsmi açıqlamasında qeyd edib ki, Təbrizdə olan konsulluğumuz öz fəaliyyətini davam etdirəcək. Lakin Tehrandakı diplomatik korpus fəaliyyətini dayandırır. Bu da bizim ölkələr arasındakı diplomatik problemin pik həddə çatması deməkdir”.

Bənzər yazılar

1.7228910923004