“Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon tona qədər genişləndiriləcək və bunun üçün büdcə ayrılıb”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.
Dövlətimizin başçısı, həmçinin bildirib: “Yük artımının müəyyən səbəbləri var ki, onlardan biri ənənəvi marşrutlar boyu gözlənilən çətinliklərdir. Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq. Ümid edirik ki, həmin azad ticarət zonası istehsalat və şirkətlər üçün sərmayə qoyuluşu baxımından münasib məkan olacaq."
Dövlətimizin başçısı qeyd edib ki, əlbəttə, biznes mühitinin yaxşılaşdırılması uğurun əsas amillərindəndir: "Çünki dünyada bütün ölkələrin, hətta ən inkişaf etmiş dövlətlərin əlavə sərmayəyə ehtiyacı var. Ancaq, sadəcə, biznes mühiti kifayət deyil. Ölkələr arasında münasibətlər nadir vəziyyət yaradır - qlobal miqyasda ən yüksək dostluq şəraiti. Mən Azərbaycan və Gürcüstan, Azərbaycan və Türkiyə, Gürcüstan və Türkiyə, habelə bizim üçtərəfli əlaqələrimizi nəzərdə tuturam.
Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üçün bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır”.
Dövlətimizin başçısı bildirib: “Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyunca yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır.
Bu ildən etibarən biz Qazaxıstan neftinin tranzitinə başlamışıq. Türkmənistandan isə neft tranziti uzun illərdir həyata keçirilir. Bu dəhlizin karbohidrogen ehtiyatlarının daşınması baxımından da potensialı var.
Hesab edirəm ki, hazırda iştirakçı dövlətlər arasında - Mərkəzi Asiyada, Qafqazda və Avropada sıx əməkdaşlıq olmalıdır. Gömrük nəzarəti üzərində fəal çalışmalıyıq ki, vahid pəncərə yanaşması müəyyən dərəcədə tətbiq edilsin. Tarif siyasəti isə bu marşrutun cəlbedici olmasını təmin etməlidir, ona görə yox ki, digər marşrutlar yoxdur, sadəcə, bu, kommersiya baxımından da belə olmalıdır.
Yeni layihələr var, məsələn, Çin tərəfindən irəli sürülən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu. Nəticə etibarilə bu dəmir yolu Xəzər dənizi tərəfə, bizim istiqamətə uzanacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb
Dövlətimizin başçısı deyib ki, bununla yanaşı, təkcə Şərq-Qərb deyil, həmçinin Qərb-Şərq nəqliyyat marşrutunun üstünlükləri üzərində işləmək lazımdır.
“Buna qədər diqqət yüklərin Çindən Mərkəzi Asiyaya və daha sonra Avropaya nəql olunmasına yönəldilib. Biz əks istiqamətdə yüklərin daşınması haqqında düşünməliyik. Bunun üçün isə əks istiqamətdə biznes mühitinin də hədəflərimizə müvafiq olması lazımdır”, - deyə Azərbaycan Prezidenti bildirib.