“Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görədir. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir”.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, tarif siyasəti də mühüm məsələdir.
“Çünki burada bir çox ölkələrin səylərinin birləşdirilməsi lazımdır ki, bizim razılaşdırılmış tarif siyasətimiz mövcud olsun və heç bir ölkə süni şəkildə öz mənfəətini artırmağa çalışmasın. Biz müştərək faydanı görməyi öyrənməliyik. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Həyata keçirilməsinə başlanılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Xəzər dənizinə istiqamətləndiyini bildirən Prezident İlham Əliyev deyib ki, bu, çox vacib əlavə təchizat marşrutudur və Orta Dəhlizin parlaq gələcəyi var.
“Azərbaycanda investisiya mühiti çox müsbətdir, xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlib”.
Dövlətimizin başçısı deyib ki, indi şaxələnmə barədə düşünmək və hərəkət etmək vaxtıdır: “Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi ipək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır”.
“Sizə səmimi deyə bilərəm ki, dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Siz (Çin-red.) bunu qlobal miqyasda edirsiniz. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur. Baxın, Çin dünyada ən çox uğur qazanmış ölkələrdəndir və dünyanın aparıcı iqtisadiyyatlarındandır. Siz buna öz əməyiniz, xalqınızın və ölkə rəhbərliyinin müdrikliyi və nəticəyönümlü səyləriniz sayəsində nail olmusunuz”, - deyə dövlətimizin başçısı qeyd edib.