Həkim-infeksionist: “Qrip virusu hamilə qadınlarda ağırlaşma riski yarada bilər” 

 18-01-2023

“Xroniki və digər yanaşı xəstəliyi olanlar qrip virusunu daha ağır formada keçirirlər”.

Bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, həkim-infeksionist Vasif Əliyev deyib.

Onun sözlərinə görə, hamilə qadınlara da peyvənd vurula bilər:

“Havalar kəskin dəyişdiyi üçün qrip virusu geniş yayılıb. Bəzilərində hərarət bir neçə gün davam edir. Xroniki və digər yanaşı xəstəliyi olanlar, həmçinin hamilə qadınlar xəstəliyi ağır formada keçirirlər. Bu şəxslər zamanında peyvənd olunmaldırlar. Hamilə qadınlar da peyvənd vurdura bilərlər. Bunun heç bir fəsadı yoxdur.”

V.Əliyev qeyd edib ki, hamiləlikdə xəstəliyin ağırlaşma riski var:

“Bu günə qədər aparılan araşdırmalardan görürük ki, hamilə qadınlar da xəstəliyi rahatlıqla keçirirlər. Xəstəliyin uşağa mənfi təsirləri qeydə alınmayıb. Hamiləlikdə ağırlaşma hallarının olması riski var. Eyni zamanda döl üçün də təhlükə ola bilər. Lakin bilavasitə olaraq dölə mənfi təsiri qeydə alınmayıb”.

Həkimin sözlərinə görə, həkimlər bəzən bir reseptlə bir neçə xəstəni müalicə edirlər: “Xəstəliyin müalicəsində antibiotiklərdən istifadə olunmamalıdır. Bu da mənfi nəticələrə gətirib çıxara bilər. Çünki resept xəstəni müayinə etdikdən sonra verilən nəticədir. Və hər xəstənin orqanizmi fərqli olduğu üçün də resept eyni ola bilməz”.

V.Əliyev qeyd edib ki, həkim müayinəsi şərtdir: “Üç gün ərzində xəstəlikdə azalma müşahidə olunmasa, həkimə müraciət olunmalıdır. Qripin növü üçün test götürülüb, müalicə təyin olunmalıdır. Ev şəraitində, düzgün olmayan müalicə ciddi fəsadlara yol aça bilər”.

Nəzrin Vahid

Bənzər yazılar

0.44714212417603