"Diqlas" ticarət mərkəzinin “Azsığorta” ilə MƏHKƏMƏSİ DAVAM EDİR

 15-01-2023

"Dıqlas 2” MMC-nin (VÖEN - 2004774181) ölkənin aparıcı sığorta şirkətlərindən olan “Azsığorta” ASC-yə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası davam edir. 

Yeniavaz.com xəbər verir ki, ötən gün hakim Ülkər Həsənovanın sədrliyi ilə Bakı Kommersiya Məhkəməsində məhkəmə baxışı baş tutub. Sığorta müqaviləsi üzrə mübahisələrlə əlaqədər qaldırılan iddia üzrə növbəti iclas fevral ayının 3-də keçiriləcək.

Məlumat üçün bildirək ki, “Dıqlas 2” MMC-nin qanuni təmsilçisi 2019-cu ildə paytaxtın Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş verən yanğın zamanı özünü direktor müavini kimi təqdim edən Rəhimov Arzu Nüsrət oğludur. Arzu Rəhimov yanğın zamanı verdiyi açıqlamada qeyd edib ki, ticarət mərkəzinin 2 sahibi var.

Onu da qeyd edək ki, yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ünvanda - Qara Qarayev prospekti 81Q-də qeydiyyatda olan “Diqlas 1” MMC (VÖEN – 1601175991) adlı şirkətin rəhbəri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov olub. Hazırda həmin şirkətə Mahmudov Babək Səməd oğlu rəhbərlik edir.

Xatırladaq ki, “Azsığorta” ASC-nin səhmlərinin 100%-nin Hikmət Əbuzər oğlu İsmayılova məxsus olduğu bildirilir. Mətbuatda “Azsığorta” ASC-nin səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bu günə kimi təkzib olunmayıb. 

Müəllif A. Cəfərov
Mənbə Yeniavaz.com

Bənzər yazılar

0.15440893173218