Nəcməddin Sadıkovun XƏYANƏTİ... - General Polad Həşimov onun təxribatının qurbanı olub?

 26-04-2022

Şəmkir Rayon İcra Hakimiyyətindən general həlak olan gün (12 iyul 2020-ci il) ona zəng edən məmur kim olub?


Hər zaman olduğu kimi, son  vaxtlar KİV-də Nəcməddin Sadıkovun adı yenə hallanmaqdadır.  Hətta  onun 590 min avroluq  zirehli “Toyota” maşını  ilə Bakıda qəza törətməsi də mətbuatda  işıqlandırıldı. 

Dəyərli  oxucular,  bu   təxribatçı   general   haqqında  KİV-lərdə onun  qeyri-qanuni, qeyri-insani   əməllərini   neçə   illərdir   işıqlandırmışam. Dərc  olunmuş   yazılardan   bəzi epizodları  (məlumatları)  sizə  xatırlatmaq  istəyirəm.

Azərbaycan xalqına yuxarıdan aşağı baxan, millətimizǝ və dövlətçiliyimizə qarşı gizlində düşmənçilik hissi bəsləyən, nifrət edən bu özündənrazı, müştəbeh, məkrli və rusbaşlı  generalı mən 1992-ci  ildən  tanıyıram. O vaxt onun rütbəsi  pod-polkovnik, vəzifəsi  isə  briqada komandiri idi. Mənim rütbəm kapitan, vəzifəm isə batalyon (tabor) komandiri idi.

1992-ci  il, sentyabr ayının sonu (26 və ya 27 sentyabr) idi. Daxili Qoşunların Baş  İdarəsindən bizi (bir batalyon şexsi heyəti) Ağdərə bölgəsinə briqada komandiri polkovnik-leytenant Nəcməddin Sadıkovun sərəncamına göndərdilər. Səhərə yaxın (saat 4 radələrində) Ağdərəyə çatdıq. Şıdırğı yağış yağırdı. Briqada qərargahını  mühafizə  edən  qarovul rəisinə gəlişimiz haqqında N.Sadıkova  məruzə  etmək  istədiyimi  bildirdim. O, isə "olmaz, komandir yatır, saat 7-də duranda məruzə edərsən", - dedi. Mən etirazımı bildirərək  dedim ki, "döyüş əməliyyatı gedən bölgədə komandir necə  rahat yata  bilər". Qaraul rəisi  bildirdi  ki, o, yatanda heç kim oyatmağa curət etmir, özü nə vaxt istəsə onda da oyanır.

N.Sadıkov  oyanandan  sonra  batalyonun (taborun) şəxsi heyətini sıraya düzüb, ona məruzə etdim. O, isə şəxsi heyətlə   salamlaşdıqdan  sonra rus dilində bir neçə dəqiqə sıra qarşısında çıxış edib, axırda dedi: "Hamı gödəkçələrinin (buşlatların) iç cibinin üstündə soyadlarını yazsın ki, öləndə görək  kimdir".

Onun bu sözləri məni həm əsəbləşdirdi, həm də məyus etdi. N.Sadikovun milliyətcə tatar olan şəxsi heyətlə siyasi və tərbiyə işləri üzrə müavininə etirazımı bildirdim ki, “komandir briqada”nın çıxışı batalyonun (taborun) şəxsi heyətində  ruhdüşkünlüyünə səbəb ola bilər, onun bu çıxışı təxribat  xarakteri daşıyır. N.Sadıkovun müavini  isə əli ilə mənə "sus" işarəsi göstərib, asta tonla dedi: "Neyləyək, bu belə adamdı, belə komandirdi".

N.Sadıkovun göstərişi  ilə  batalyonun  (taborun) iki bölüyünün  şəxsi  heyəti  ağır  döyüşlərdə  gedən  kəndlərə  göndərildi. Məni  isə bir  bölüyün  şəxsi  heyəti  ilə “Vəng, Çıldıran”  və “Dovşanlı”  kəndləri  istiqamətində  mövqelərimizdə  sağ  qalmış  şəxsi  heyəti  dəyişməyə  (əvəz  etməyə) göndərdi. Eyni  zamanda  müavininə  əmr etdi  ki, kapitan  Nağıyevin  (yəni mənim) dəstəsinə  3 (üç) günlük  quru yemək (sxoy payok), hərbi sursat və bir ədəd də radiostansiya verilsin. Mən isə N. Sadıkovdan xahiş  etdim ki, mövqelər dağlıq ərazidə, meşədədir, hərbi sursat bizə bir az çox verilsin, radiostansiya  sıradan çıxa, əlaqəmiz sizinlə  kəsilə  bilər. O, isə  bildirdi  ki, narahat  olma  kapitan Nağıyev, həmin mövqedə 2 (iki) zirehli maşın da var, döyüş şiddətlənsə sizə kömək göndəriləcək.

Lakin N.Sadikovun göstərişi ilə bizim dəstəyə 3 (üç) günlük quru  yemək verilməsi  məni şübhələndirmişdi və bu 3 (üç) gün ərzində  nəsə xoşagəlməz (təxtibat) olayın baş verecəyini hiss edirdim. Çünki mən bir il (1991-1992) "O MON"un  tərkibində  bölük  komandiri  kimi bölgələrdə (Ağdam, Füzuli və Goranboy) döyüş təcrübəsi  qazanmış və  bəzi təxribat xarakterli  hadisələrlə qarşılaşmışdım. Yalnız öz qəti  qərarım  nəticəsində həmin  olayların  təxribatların  qarşısı  alınmışdır.

Əlqərəz, mövqelərə çatdıq. Sıx meşəlik olan bu dağlıq ərazidə komandirsiz özbaşına buraxılmış 40 (qırx) nəfərə yaxın daxili qoşunların gizirlərini gördüm. Hərdənbir mövqelərimizə müxtəlif çaplı silahlardan düşmənlərimiz atəş açırdı. Biz də onların cavabını verirdik. İkinci gün atışma şiddətləndi. Baş leytenant olan həkim (adını unutmuşam) ayagından yaralandı. Həkimi qərargaha  göndərdim. Rabitəçi-radist əsgər  aparatın  işləmədiyini, sıradan çıxdığını bildirdi. Axşama yaxın atışma səngisə də bir neçə nəfər yaralanmışdı.

Üçüncü  gün  atışma  tədricən   şiddətləndi    və  düşmən  ağır artilleriya qurğularından  da (silahından)  istifadə etməyə  başladı. Bizim  kordinatlarımızı   dəqiq   bildikləri üçün itkilərimiz çoxalırdı. N.Sadıkovun bizə üç günlük quru yemək verilməsini xatırladım. Zirehli maşınlara ağır yaralıları yığdırıb, onları qərargaha göndərdim. Şəxsi heyətin yüngül yaralı və sağ qalanlarına döyüşə-döyüşə, kiçik dəstələrlə mühasirəyə düşməmək üçün meşədən çıxmağı tapşırdım. Mənimlə səkkiz nəfər əsgər, iki nəfər gizir və bir nəfər baş gizir meşədən çıxdıq.

Hava artıq  qaralmışdı. Baş gizir çiynindən yüngül yaralanmışdı. Arabir atəş səsi eşitsək də meşədən 10-15 km aralanmışdıq. Qəfildən "dayan, kimdi gələn" komandası eşitdik. "Özümüzünkülər" deyib, onların kim olduğunu soruşdum. Dedilər biz OMON-çularıq. Mən  soyadımı  dėyəndə  onlar  məni          tanıdılar. Çünki  mən 3 ay  olardı  Daxili  Qoşunun tərkibində xidmət  etmək üçün OMON-dan keçmişdim. Onlardan xahiş etdim ki, nəqliyyat vasitəsi verin, bizi Yevlaxa aparsın, N.Sadıkovun  haqqında mən şəxsən özüm Daxili İşlər naziri İsgəndər Həmidova məruzə edəcəm. OMON-çular bizə, yəni 11 nəfərə çay-şörək verdikdən sonra Yevlax şəhərinə getmək üçün avtobus verdilər.

Balakən-Baki qatarı ilə Bakıya, Daxili Qoşunların Baş İdarəsinə gəlib komandan Fəhmin Hacıyevə məruzə edəndə o, bizi  çox kobud və sərt qarşılayıb dedi: "Siz necə olub sağ qalmısınız, siz hamınız həlak olmalıydınız, ölməliydiniz”. Onun göstərişinə əsasən bizim hamımızı həbs edib, Daxili Qoşunların təsridxanasına saldılar. Təcridxana dolu idi. Hətta orada bir neçə nəfər hərbi həkim də var idi. On gün tədqiqat aparıldı. Gah  gündüz, gah da gecə. Tədqiqatçılar tez-tez dəyişirdi. Mən də izahatımda eyni  fikri, yəni Nəcməddin Sadıkovun məni heç bir döyüş planı ilə tanış etməməsini  və  heç  bir sənədə, plana da imza atmadığımı, şəxsi heyəti bilərəkdən qırdırmaq istədiyini yazırdım. On  gündən  sonra  tədqiqat  başa çatdı. Təcridxanada  olanların hamısını azad etdilər. Əsgərləri öz hərbi hissələrinə, həkimləri iş yerlərinə, gizirləri və məni azad etdilər.

Mən də 20 il xidməti stajım olduğuna görə sənədlərmi pensiyaya (təqaüdə) çıxmağa hazırladım. Lakin 2 ay keçdikdən sonra məni Daxili İşlər naziri İsgəndər Həmidov nazirliyə çağırtdırıb bildirdi ki, ölkədə müharibə yeni qızışır, sənin kimi zabit bizə lazımdır, sən də pensiyaya gedirsın. Dedi, get hazırlaş, xüsusi bir batalyonla cəbhə bölgələrinin ən gərgin, ən ağır yerlərinə gedəcəksən.

1992-ci ilin dekabr ayının axırlarında Ağdama göndərildim. Bir ay (yanvar) orada döyüşdükdən sonra Ağdərə bölgəsinə, yenə də N.Sadıkovun briqadasına göndərildim. Ayazlı-şaxtalı fevral ayının bir qış axşamı rabitəçi əsgər bildirdi ki, döyüş mövqelərində olan tabor və bölük komandirlərini N.Sadıkov xidməti yığıncağına çağırır. Gecə saat 12-də meşənin içində böyük hərbi çadırdan ibarət qərargahda N.Sadıkovun 10-15 nəfər idmançı görkəmli cangüdənləri  və  mühafizəçisi var idi.

Onlardan dörd nəfəri çadırın girəcəyində durub, biz zabitlərdən hərbi sursatı və  silahı alıb çadıra buraxırdı. Hava çox şaxtalı idi. Bir az da boz araqdan vurmuş komandir briqadir qıp-qırmızı qızarmışdı. O, çıxışının ilk kəlməsindən rus dilində kobud sözlərlə başladı. Özündən başqa hamını günahkar hesab edirdi. Onun tabeliyində olanlara sərt və kobud (qaba) rəftarını bütün Azərbaycan bilir. Ona görə ki, bir neçə dəfə televizor ekranlarında onun şəxsi heyəti təhqir etməsi, hətta bəzi epizodlarda əl qaldırmasının görüntülərini görmüşlər. Bu görüntülər Kəlbəcər istiqamətində gedən döyüşlərdən göstərilmişdir.

 Dəyərli oxuyucalar, general  Polad  Həşimov  da dövlətimizə, millətimizə  neçə illərdir  düşmənçilik  münasibəti  bəsləyən  Nəcməddin Sadıkovun  planının qurban  olub. Şəmkirdə  ictimaiət  arasında  söz-söhbət gəzir ki,  N.Sadıkovun  bu  məkrli  planının  baş  tutmasına  yardım  edən  Şəmkir İH-nin bir məmuru olub.  Belə ki, həmin  məmur  Polad Həşimov həlak  olmamışdan  bir-neçə dəqiqə  əvvəl  onunla  telefon bağlantısı  yaradıb. Bu telefon bağlantısı  nəticəsində  general  P.Həşimovun  harda  olduğu  təyin olunub  və o, raketlə  vurulub...

Məlumatlı  şəxsin  bildirdiyinə görə  (ad məlumdur)  indi  həbsdə  olan sabiq  İH-in başçısı  Alimpaşa Məmmədov  həmin  məmurun  kim  olduğunu  bilir. DTX və Baş Prokurorluq   araşdırma aparsalar, yəqin  ki, həmin məmuru  aşkar  edə bilirlər.

Mövzunu davam etdirəcəyik.

Bəhlul  ORUCOĞLU,

I Qarabağ  Müharibəsi Veteranı, Ehtiyatda olan Ədliyyə mayoru, yazıçı-publisist

Bənzər yazılar

0.23537302017212