2023-cü ildə Moskva Birjası valyuta bazarında Azərbaycan manatı, BƏƏ dirhəmi və Misir funtu ilə ticarətə başlamağı planlaşdırır.
Bu ticarət platformasının idarə heyətinin sədri Yuri Denisovun sözlərinə görə, bütün bu valyutalar Rusiyanın əsas xarici ticarət tərəfdaşlarıdır.
Moskva birjasında Azərbaycan manatı ilə ticarət nə deməkdir, Azərbaycanın milli valyutasının sabit məzənnəsinin üstünlükləri nədən ibarətdir və dünya ölkələrinin aktiv şəkildə aldığı qızıldan sürprizlər gözləmək lazımdırmı?
Bu barədə rusiyalı maliyyə analitiki Sergey Drozdov məlumat verib:
- Dərhal qeyd edim ki, Moskva birjasında Azərbaycan manatı ilə yanaşı, Qazaxıstan təngəsi, Özbəkistan somu, Qırğızıstan somu və bəzi başqa valyutalarla da ticarət aparılır və ya onlarla da ticarət həyata keçiriləcək. Bu, hesablaşmaları sadələşdirmək üçün əməliyyatların çərçivəsini genişləndirmək cəhdidir. Düzdür, təcrübə göstərir ki, ümumiyyətlə, Moskva birjasında regional valyutalara böyük tələbat yoxdur, lakin Çin yuanının dövriyyəsi artır, bu, avronun əvvəllər satıldığı həcmlərə yaxınlaşıb.
Ancaq bu, başadüşüləndir, çünki hesablaşmaların mürəkkəbliyi səbəbindən Rusiya Federasiyasında dollar və avro o qədər də populyarlaşmayıb. 2022-ci ilin nəticələrinə gəlincə, rubl nəzərəçarpacaq dərəcədə möhkəmlənib. O, postsovet məkanında birinci yerdədir. Çoxları deyirdilər ki, bu, rublun süni şəkildə möhkəmlənməsidir və bəlkə də belədir. Yeri gəlmişkən, Mərkəzi Bank da 3-4 ayda əslində bunu xüsusi olaraq gizlətməyib. 2022-ci ilin sonunda isə rublun zəiflədiyini gördük, bu, avropalılar tərəfindən tətbiq edilən neft qiymətlərinin tavanı ilə bağlıdır. Üstəlik, rublun güclü olduğu yay-payız vaxtı məntiqi olaraq sona çatdı, idxal şirkətlərinin tədarük zəncirlərini qaydaya salması bir qədər vaxt apardı. 2023-cü ildə rublun dollara nisbətdə məzənnəsi çox güman ki, fərqli diapazonda olacaq. Bu diapazonu başa düşmək üçün yuxarı və aşağı sərhədləri müəyyən etmək gərəkdir, bu isə vaxt tələb edir. Hesab edirəm ki, Rusiya valyutasını tədrici zəifləmə gözləyir.
Azərbaycan manatına gəlincə, o, sabitdir. Bu da sizin monetar orqanlarınız (pul-kredit qurumlarınızın) - Mərkəzi Bankın, Maliyyə Nazirliyinin konkret qərarı ilə bağlıdır. Yeri gəlmişkən, bu barədə biz sizinlə keçən il danışmışdıq. Nəzərinizə çatdırım ki, dünyada belə sabit nümunələr var. Bu, misal üçün Tayland bahtıdır, hansı ki, faktiki virtual olaraq dollara bağlıdır. Sıçrayışlar yalnız orada 3-5 ildə bir dəfə meydana gələn siyasi hadisələrin fonunda baş verir.
Manatın məzənnəsinin sabit olması əslində iqtisadiyyat üçün yaxşıdır. Bəzi əməliyyatları həyata keçirərkən, gələcək üçün planlar qurarkən, idxal əməliyyatları edərkən biznesin öz oriyentirləri barədə təsəvvürü olur. Bu, bu gün bir, sabah isə fərqli kursun olduğu vəziyyət deyil. Təbii ki, məzənnəni uzun müddət sabit saxlamaq üçün güclü iqtisadiyyat olmalıdır, həmçinin büdcədə hər şey qaydasında olmalıdır. Azərbaycanda, görünür, vəziyyət məhz belədir. Ölkə o qədər də böyük deyil, enerji resurslarını ixrac edir və qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir. Azərbaycan vətəndaşları üçün də qeyri-sabit manatdansa, sabit məzənnə ilə yaşamaq daha sərfəlidir.
- Bu yaxınlarda “The Financial Times” Dünya Qızıl Şurasına istinadən yazıb ki, 2022-ci ildə dünyanın müxtəlif ölkələri 673 ton qızıl alıb. Xüsusi olaraq qeyd olunur ki, qiymətli metalın belə aktiv alınması 1967-ci ildə qeyd edilib və bu, sonradan Bretton-Vuds sisteminin (1944-1976-cı illərdə mövcud olmuş pul münasibətləri və ticarət hesablaşmalarının təşkili üçün beynəlxalq sistem – red) iflasına səbəb olub. Qızıla belə ciddi tələbat nəyə gətirib çıxara bilər?
- Mən indi dollar sisteminin çökməsindən danışmazdım. Amma qızılın özünə gəlincə, bu il, daha doğrusu, ilin ikinci yarısında onun bir troya unsiyası üçün ən azı 2 000 dollara qədər bahalaşma şansı olacaq (hazırda qızıl təxminən 1 800 dollara satılır). İlin ilk yarısında, yəqin ki, hansısa korreksiyalar olacaq və bundan qızılın özünü də olmasa, qızıl əsaslı sənədlərin (əqdlərin) alınması üçün yararlanmaq lazımdır. 2023-cü il qızıl üçün əvvəlkindən daha yaxşı bir il olacaq, bu, birmənalıdır.
- Bəs qızılın qiymətinin artması və ya düşməsi milli valyutaların məzənnələrinə heç bir şəkildə təsir göstərmir?
- Yox, təsir göstərmir.
Nair Əliyev