Ukraynanın Mariupol şəhərində təhsil alan və müharibə başlayan zaman çeçenlərə əsir düşən 20 yaşlı tələbə Hüseyn Abdullayev ona azərbaycanlının işgəncə verdiyini deyib.
MillətinSəsi.info xəbər verir ki, o, bu barədə “BBC”nin Azərbaycan xidmətinə verdiyi müsahibəsində bildirib.
25 gün əsirlikdə qalan Hüseyn işgəncələrə məruz qaldığını dilə gətirib:
“Çeçenlər əlimi-qolumu bağlayıb, başımı aşağı salıb işgəncə otağına apardılar. Sorğu-suala başladılar: dedilər ki, mən niyə əlimə avtomat almışam? Özümə də gülməli gəlirdi ki, bunlar niyə belə edir. Dedim ki, yox, əlimə silah filan almamışam. Rus əsgərləri, çeçenlər döyməyə, vurmağa başladılar. Dedilər ki, “düzünü deyəcəksən?”. Mən də dedim ki, onsuz da düz deyirəm, tələbəyəm. Dedilər ki, “bu, belə danışan deyil, “tok”a qoşun”. İşgəncə aparatını baş barmağıma qoşdular”.
O bildirib ki, işgəncə verilən zaman otağa azərbaycanlı gəlib:
“İşgəncə veriləndə dedilər ki, azərbaycanlı gələcək. Sevindim ki, azərbaycanlı gəlirsə, mən burdan çıxacam. Gələn kimi söyüş söyməyə başladı. Dedi ki, “sən millətimizin adını batırırsan”. Vurmağa başladı. Dizimi tuturdu ki, sıxmayım, “tel”ləri açaram. O, azərbaycanlı özü dizlərimi tuturdu”.
Hüseyn qeyd edib ki, dostları çeçen hərbçilərlə əlaqə saxlayaraq onu xilas edə biliblər:
“Səhər tezdən yatmışdım. Gördüm qışqırır ki, “Abdullayev” - əvvəl mənə “Bakinski paren” deyirdilər – ““veş”lərini yığ, çıxırsan”. Sevindim, “veş” deyəndə ki, bir dənə “kurtka”m var idi, tez yığdım. Ayağa durdum. Qapını açdılar, yenə başımı örtdülər ki, hara getdiyimi görməyim. Əlimi bağladılar, türmədən qırağa çıxardılar. Çeçnlər hamısı gəldilər, dedilər ki, “səni Ramazan ayına görə buraxırıq. Zaparojyeyə gedəcəksən, dostların səni orda gözləyəcək””.
Əsirlikdən sonra Hüseyn Zaparojyedə xəstəxanada müalicə alıb. Xəstəxanadan çıxdıqdan sonra o, Polşaya, ordan da Macarıstana keçib. Aprelin 21-də Macarıstandan Bakıya gələn Hüseyn dərhal doğulduğu Neftçala rayonuna, ailəsinin yanına gedib.
“BBC”nin sözügedən reportajını təqdim edirik: