Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lerik meşələrindəki kütləvi qırıntılara görə göndərilən yoxlamalar müəmmalı səbəbdən dayanıb.
Bu barədə sakinlər AzToday.az-a məlumat veriblər. Onların sözlərinə görə, Bakıdan gələn yoxlama dünən “işi”ni yekunlaşdırıb. Belə ki, Razvonaband meşəbəyliyinin 22 saylı dolayında kütləvi qırıntılar olsa da, yoxlama cəmi 20-30 agacı qeydə alıb.
Yoxlama qırıntıların 5-6 ay əvvəl baş verməsi formasında rəsmiləşdirməyə çalışır. Halbuki qırıntılar maksimum 2-3 ayda edilib. Hətta 1-2 həftə əvvəl kəsilən agacların görüntüləri var.
Meşə mafiyası bütün məsuliyyəti 2021-ci ilin dekabr ayında işdən çıxarılmış meşə gözətçisi Fuad Hümmətovun üzərinə qoymaq istəyir. Muxtar Babayevin Bakıdan göndərdiyi yoxlama da işini bu fonda yekunlaşdırmaq istəyir.
Qeyd edək ki, 22-ci dolayla yanaşı Razvonaband meşəbəyliyinin 16, 17 və 18-ci meşə dolaylarında da kütləvi qırıntılar var. Və nazirlikdən göndərilən nümayəndə sözügedən dolayları isə yoxlamaq fikrində deyil. Görünür, meşələri qıran ekologiya işçiləri Bakıdan gələn həmkarlarını əməlli başlı “razı” sala biliblər…
Kütləvi agac qırıntılarının görüntülərinin bir hissəsini təqdim edirik: