Britaniyalı şəxs “eBay” saytından 49 dollara aldığı əsəri 158 000 dollara satıb. Belə ki, o təsadüf nəticəsində əsərin məşhur fin rəssamı Helena Şerfbekin (1862-1946) natürmortu olduğu öyrənib.
Britaniyalının sözlərinə görə “imzası aydın olmayan kətan” ev bəzəyinin elementi kimi alınıb, daha sonra sosial şəbəkədə yerləşdirdiyi natürmort fotosundan istifadəçilər fin rəssamı Şerfbekin “Qədəhdə ağ qızılgüllər” tablosunu tanıyıblar.
“Bonhams” auksion evinin mütəxəssisləri əsərin həqiqətən də Şerfbekin fırçasına aid olduğunu və 1880-ci illərin sonlarında çəkildiyini təsdiqləyiblər.
“Alıcı bu tablonu müəllifi və (əsl) dəyəri haqqında heç bir məlumatı olmadan alıb. Təkcə 100 ildən çox yaşı olan çərçivənin dəyəri 40 funt sterlinqdən artıqdır”, - deyə hərrac evinin sənətşünası Leo Vebster bildirib.
Qeyd edək ki, Helena Şerfbek İsveç əsilli modernist rəssamdır. O, “Qarda yaralı əsgər” (1880), “Vilhelm fon Şverinin ölümü” (1886), “Sağalma” (1888) kimi əsərləri ilə tanınır. Şerfbekin modernist rəsmləri yaradıcılığının ilkin mərhələlərində çox tanınmayıb, şöhrət sonradan gəldi.
Şerfbekin ən məşhur əsəri “Rəqs üçün ayaqqabılar” təxminən 3,6 milyon dollara satılıb.
Mənbə: Times