“İkinci Qarabağ Müharibəsində yaralansam da, mənə əlillik dərəcəsi verilmir. Dəfələrlə müraciət etməyimə baxmayaraq imtina cavabı gəlir”.
Bunu Meydan TV-yə müharibə iştirakçısı, 1986-cı il təvəllüdlü Vasif Əhmədov deyib. Onun sözlərinə görə, müharibənin ilk günündən cəbhədə olub, MAXE (müddətdən artıq xidmət edən hərbi qulluqçu) kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında, N saylı hərbi hissənin Xüsusi Təyinatlı dəstəsinin istehkamçı yarımqrupunun komandiri olub.
“Döyüşdə mərmi partlayışı nəticəsində bədənimin və başımın müxtəlif yerlərindən ağır yaralanışam. Barotravma diaqnozu ilə Saatlı Rayon Mərkəi Xəstəxanasında, sonra isə Daxili Qoşunların Hospitalında stasionar müalicələr almışam. Müharibədən bu günə kimi müalicəm davam edir”, – şikayətçi deyib.
Keçmiş döyüşçü bildirib ki, DİN-in Daxili Qoşunların Hərbi Hospitalının həkim komissiyası ona “Partlayış travması nəticəsində odlu silah (çoxsaylı qəlpə) yaralanmasından sonrakı vəziyyət. Barotravma. Sol diz oynağının kontrkturası, hərəkətlərin mühüm dərəcədə pozulması. Davamlı ağrı sindromu ilə onurğanın döş bel osteoxondrozu” diaqnozu qoyub.
O, DİN-nin Daxili Qoşunların Hərbi Hospitalının həkim komissiyasının 18 yanvar 2022-ci tarixli , 13 N-li Şəhadətnaməsi əsasında hərbi xidmətə yararsız hesab edilib: “Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, professor Fuad İsmayılov da müayinə edərək “Üzvi dissosiativ pozuntu F 06.5 Postrkomission sindrom F 07.2″ diaqnozu qoyub. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında test zamanı hər iki qulaqda 2-ci dərəcə neyrosensor tip ağıreşitmə təsbit edildiyi nəticəsinə gəlinib”.
Şikayətçi bildirib ki, iş qabiliyyətini tam itirib, normal hərəkət etmir, güclü baş ağrılarından əziyyət çəkir, özünə nəzarət edə bilmir. Hətta Maştağa Psixi Xəstəxanasında müalicə olunub. Bununla belə, ona əlillik dərəcəsi verilmir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, Sumqayıt şəhər sakini Vasif Əhmədov 28 oktyabr 2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində, Səhiyyə Nazirliyi və Agentliyin həkim-ekspertləri tərəfindən birgə müayinə edilib.
Müayinə zamanı sol diz oynağında travmadan sonrakı kontraktura izlənilməyib. Aşağı ətrafların əzələlərində hipotrofiya müşahidə edilməyib.
Bu baxımdan “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilib.