Deputat Musa Quliyev: "Pensiya yaşı azaldılmayacaq, insanlarımızın orta ömrü artacaq"

 19-04-2022

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib.

MillətinSəsi.info  xəbər verir ki, iclası açan komitənin sədri Musa Quliyev gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.

Əvvəlcə “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edən komitə sədri sənədin mahiyyəti barədə danışıb. Qeyd edib ki, müzakirəyə çıxarılan dəyişikliklər ölkəmizdə 2019-cu ildən başlayan dərin islahatlar paketinin tərkib hissəsi olan əmək pensiyaları sahəsində sosial ədalətin və sosial müdafiənin gücləndirilməsi tədbirlərinin davamıdır.

Komitə sədri bildirib ki, təklif olunan dəyişikliklərdən məqsəd əmək pensiyalarının təyinatının və ödənişinin təkmilləşdirilməsi, sığorta prinsiplərinə əsaslanan sistemin dayanıqlığının artırılması, elektron hökumət çərçivəsində avtomatlaşdırma işinin sürətləndirilməsidir. Dəyişikliklərin cəmiyyətin sosial sifarişindən qaynaqlandığını qeyd edən Musa Quliyev sənəddə bir sıra istiqamətlərdə vətəndaşların pensiyaya çıxma şərtlərinin yumşaldılmasından danışıb.

Komitə sədri bu dəyişikliklərin qəbulundan 17-20 min vətəndaşın faydalanacağını və bunun üçün 4,2 milyon manat əlavə maliyyə vəsaiti tələb ediləcəyini bildirib.

Bundan başqa, Milli Məclisin deputatı Musa Quliyev “ARB24” televiziyasının efirində çıxışı zamanı deyib ki, pensiya yaşının azaldılmasına bir gərək yoxdur və bu gündəmdə deyil və olmayacaqdır.

“Dünyada, ümumiyyətlə, insanların orta ömrü (yaşı – red.) artır. Azərbaycanda da orta ömür artıq 77-nin üzərindədir. Yəqin ki, yaxın gələcəkdə də bizim insanlarımızın orta ömrü artacaqdır”.

M. Quliyev eyni zamanda qeyd edib ki, pensiyaların artırılması ilə bağlı müzakirələr gedir: “Bu, həm inflyasiyaya, həm də orta aylıq əmək haqqına bağlı olan məsələdir. Bu il ölkədə orta aylıq əmək haqqının 807 manata qaldırılması nəzərdə tutulur. Yəqin ki, gələn ildən bununla bağlı pensiyaların artırılması gündəmdə olacaq”.

Bənzər yazılar

0.25031781196594