Ayaqları tutuldu, haqqında ŞAYİƏLƏR YAYILDI: Xalq artisti hansı tamaşasına heç vaxt baxa BİLMƏDİ?

 12-12-2022

Kulis.az aktrisa, Xalq artisti Səidə Quliyeva haqqında maraqlı faktları təqdim edir.

Səidə Əbülfəz qızı Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. Ailədə üç bacı olublar. Valideynləri incəsənətə maraqlı insanlar olublar. Səidənin anası aktrisa olması üçün ona dəstək olsa da, atası buna qəti şəkildə etiraz edib. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb.

Böyük səhnədə debütü 1979-cu ildə rejissor Əşrəf Quliyevin hazırladığı Uilyam Şekspirin “Heç nədən hay-küy” komediyasında Hero rolu olub. Bundan sonra aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaradıb.

Səidə Quliyeva erkən ailə həyatı qursa da, övladı çox gec doğulub. Bir oğul sahibi olan aktrisanın oğlu kinooperator təhsili alıb. Aktrisanın ən böyük arzusu oğlunun çəkdiyi filmdə iştirak etməkdir.

Aktrisa Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan”, “Sənsiz”, “Həyatın dibində”, “Ağqoyunlular və Qaraqoyunlular”, “Ah Paris, Paris!”, “Eşq və intiqam”, “Kəllə”, “Qatil”, “Dirilən adam”, “Ölülər”, “Xanuma”, “Anamın kitabı” tamaşalarında maraqlı rollar ifa edib.

Bundan başqa, o, Azərbaycan Dövlət Televiziyasının hazırladığı İlyas Əfəndiyevin “Atayevlər ailəsi” əsərində “Reyhan”, “Sarıköynəklə Valehin nağılı”nda “Reyhan”, Ruhəngiz Qasımovanın “Yollar görüşəndə” dramında “Çiçək, “Qonşu qonşu olsa” əsərində “Balacaxanım”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”sunda “Gülər”, Əli Əmirlinin “Bala - başa bəla”sında “İzzət Nəfisli”, Aqşin Babayevin “Nekroloq”unda “Elmira”, “Dəvətnamə”də “Məleykə” və s. kimi maraqlı obrazlar oynayıb.

Aktrisanın bir müddət əvvəl ayaqlarında problemlər yaranıb. Dörd ay yeriməkdə əziyyət çəkən aktrisa hətta səhnədən getməyi də düşünüb. Ancaq dörd aylıq müalicədən sonra onun səhhəti qaydasına düşüb və səhnədəki rollarını yenidən ifa etməyə başlayıb.

Aktrisa Vaqif Mustafayevin “Fransız” filmində çəkiləndən sonra küçədə bir qadın onu görüb deyir: “Utanmırsınız, o nə roldur çəkilmisiniz? Ayıb olsun sizə!” Aktrisa evə gəlib dəfələrlə həmin filmə baxır, ancaq qadının sözlərinin əksinə, öz rolundan və ifasından xoşu gəlir. Bir dəfə isə tədbirlərin birində məşhur psixiatr Ağabəy Sultanov həmin rola görə Səidə Quliyevanın əllərindən öpür.

Səidə Quliyevaya ən böyük uğur gətirən rollarından biri də “Bala – başa bəla” tamaşasındakı “İzzət” rolu olub. Aktrisa tamaşada onun oğlu rolunu canlandıran aktyor Ələkbər Hüseynovla bağlı xatirələrini bölüşərkən deyir:

“Rejissor o rolu mənə verəndə ssenarini telefonda danışdı, qəbul etmədim. Amma əsəri oxuyandan sonra, inanın, obrazı necə gördüm, elə də oynadım. Tərəf-müqabillərim də çox yaxşı idi. Cahangir Novruzovla dəfələrlə oynayaram. O qədər böyük potensiala malik aktyordur. Kadrarxası məqamlara gəldikdə isə, bizim çəkildiyimiz yer çox soyuq idi. Bir ay gecə-gündüz orada çəkilişdə olmuşuq. Baş rolda olduğum üçün bütün səhnələrdə var idim. Dörd ay da məşq etmişik. “Bala – başa bəla”nın çəkilişlərindən hər gün evə gələndə deyirdim ki, səhər getməyəcəyəm. Axşamlar ayağımı isti suya qoyurdum və s. Səhər durub görürdüm ki, hər şey normaldır. “Bala – başa bəla”da aldığım qonorar qəpik-quruş idi, amma məni bu günədək gündəmdə saxlayır. Bu yaxınlarda “Bala – başa bəla”nı göstərirdilər. İzlədim və çox həyəcanlandım. Ələkbər Hüseynov dünyasını dəyişəndən sonra mən bu tamaşaya baxa bilmirdim. Çox diqqətlə izlədim və heç nəyə gülmədim. Ələkbər aləm idi. O, dünyasını dəyişəndə onun yasına iki dəfə getdim. Məclisin o başından anası məni görüb ağlaya-ağlaya üstümə gəldi. O məni də Ələkbərin anası kimi görürdü. Bu günə qədər də həmin səhnəni yadımdan çıxara bilmirəm”.

Səidə Quliyeva 2000-ci ildə respublikanın “Əməkdar artisti” adına layiq görülüb. 9 may 2012-ci ildə isə “Xanuma” tamaşasındakı “Nənə” obrazına görə aktrisa “Xalq artisti” fəxri adını alıb.

Bir neçə gün əvvəl aktrisanın işlədiyi Akademik Dram Teatrından çıxarılması ilə bağlı şayiələr yaransa da, Səidə Quliyeva açıqlama verərək, bu xəbərlərin yalan olduğunu bildirdi.

Bənzər yazılar

5.5658531188965