“Məcburi köçkünlər üçün verilən mənzillərdə yaşamayanların monitorinqi davam etdirilir”.
“Report”un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib.
“Məcburi köçkünlərin hər biri mənim üçün əziz adamdır. Bəzən elə hallar olur ki, məcburi köçkünlərin mənzilləri öz adlarına olmur, yataqxanada yaşayırlar. Bu da köçürülmə zamanı nəzərə alınırdı. Ancaq biz sonradan görürdük ki, onlar həmin evlərdə yaşamırlar. 510 belə məhkəmə müraciətimiz var. Məhkəmə qərar çıxardıqca bizdə siyahısı olan məcburi köçkün, şəhid və qazi ailələri həmin mənzillərə yerləşdirilirlər. Bu, asan məsələ deyil. Bu hallar Bakıda və rayonlarda olan qəsəbələrimizdə var. Məcburi köçkünlərin uçotunun dəqiqləşdirilməsi, vahid elektron məlumat bazasının yaradılması təmin olunub. Repatriasiya prosesinin çevik və şəffaflıqla aparılmasına imkan verən avtomatlaşdırılmış sistem yaradılıb”.
Komitə sədri qeyd edib ki, Azərbaycan uzun illər dünyada əhalisinin hər 10 nəfərindən 1-i qaçqın və ya məcburi köçkün olan yeganə ölkə olub: “Bu kateqoriyadan olan insanların problemlərinin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılıb, həmin məqsədlə hər il 100 milyon manatlarla dövlət vəsaiti xərclənib. Böyük Britaniya minatəmizləmə ilə bağlı Azərbaycana dəstək verir. Ancaq biz beynəlxalq ictimaiyyətdən böyük dəstək almamışıq”.
O bildirib ki, böyük qayıdışa ən böyük maneə mina problemidir. Dövlət Komitəsinin sədri həmçinin söyləyib ki, artıq Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” tikilib qurtarıb və ya qurtarmaq üzrədir: “Həmin kəndin sakinləri yaxın vaxtlarda doğma yerlərinə köçürüləcəklər”.