Cəlilabad rayonunun Suluçeşmə kəndinin yolları BƏRBAD VƏZİYYƏTDƏ

 19-11-2022

Cəlilabad rayonunun Suluçeşmə kəndinin yolları bərbad vəziyyətə düşüb.

Bu barədə “Report”a kənd sakinləri deyiblər.

Onların sözlərinə görə, yollar bərbad vəziyyətə düşdüyündən piyadalarla yanaşı, nəqliyyat vasitələrinin də hərəkəti çətinləşib. Sakinlər bildiriblər ki, rayon mərkəzinə getmək üçün min bir əziyyət çəkməli olurlar.

Kənd əhalisi deyir ki, yola vaxtaşırı olaraq öz hesablarına çınqıl-daş töksələr də, bu, müvəqqəti xarakter daşıdığı üçün problem də köklü şəkildə həll olunmayıb. Onların sözlərinə görə, tökülən çınqıl-daşlar qış ayları ərzində palçığa batır və ya yük avtomobillərinin hərəkəti nəticəsində yerin torpaq qatına qarışır. Bununla da qısa müddət ərzində yol yenidən bərbad vəziyyətə düşür:

“Yolların bu vəziyyətdə olması bizi çox narahat edir. Hava bir qədər yağıntılı olan kimi palçıqlı yolda hərəkət etmək əsl problemə çevrilir. Uşaqlarımız məktəbə gedib-gələndə çox əziyyət çəkirlər. Xəstəmiz olanda isə təcili yardım avtomobili yolların bərbad olduğuna görə kəndə gəlmir. Yay gələndə isə ərazini və yaxınlıqdakı evləri toz-torpaq bürüyür. Öz hesabımıza bu yollara çınqıl-daş tökdürsək də, asfaltla örtülmədiyindən yol yenə əvvəlki vəziyyətinə qayıdır”, - sakinlər vurğulayıblar.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin Suluçeşmə kənd üzrə icra nümayəndəliyindən bildirilib ki, yolun asfaltla örtülməsi məsələsi planda yoxdur.

Qeyd edilib ki, sakinlər kənd bələdiyyəsi ilə yığışıb yolda təmir-bərpa işləri apara və bununla da problemi tam aradan qaldıra bilərlər.

Xatırladaq ki, Suluçeşmə kəndi rayon mərkəzindən cəmi 3 kilometr aralıda yerləşir.

 

Bənzər yazılar

0.20226311683655