Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.
MillətinSəsi.info "report"a istinadla xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Şahin Nuriyev bildirib ki, 5 hektarlıq torpaq sahəsində tikinti işlərinin aparması üçün İmişli RİH-in əməkdaşı Cəmil Musayevə 5 min manat pul verib.
Şahid Əliağa Abdullayev isə İmişli rayonunda bələdiyyə sədri işləyini deyib. Onun sözlərinə görə, rayonda abadlıq işləri üçün V.Hacıyev ondan 2 min manat pul istəyib: “İmkanım isə 1 000 manata çatdı”.
Şahid Tofiq Rüstəmov sahibkarlıqla məşğul olduğunu bildirib. O qeyd edib ki, vəfat edən atasının adına olan torpağı öz adına keçirmək üçün İmişli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsində çalışan İbrahim Zahidova 1 000 manat pul verib.
Daha sonra digər şahid Qulu İsmayılov ifadə verib. O, "Kristal-2" MMC-nin icraçı direktoru olduğunu söyləyib:
"2013-cü ildə Vilyam Hacıyevdən əvvəlki icra başçısının vaxtında Qaragüvənli kəndində məktəb tikirdik. Sonra Vilyam Hacıyevin dövründə icra hakimiyyətinə çağırıldım və tikinti işlərinin davam etdirilməsini bildiridlər. Lakin məktəbin tikintisini davam etdirmək üçün ora ayrılan pulun 20 faizini verməli idim. Buna görə Vilaym Hacıyevə 251 min 330 manat rüşvət vermişəm. Daha sonra digər məktəbinin tikintisi yarımçıq olduğuna görə mənə tapşırldı.
Şirkətin hesabına işi yekunlaşdırdım. İmişli rayonu Tərlan İsmayılov adına Cəfərli kənd 1 saylı tam orta məktəbinin tikintisi üçün isə 1 milyon 600 min manat vəsait ayrılmışdı. Həmin puldan 440 min manatı Vilyam Hacıyevə vermişəm. 2018-ci ildə beşmərtəbəli binanın tikintisi üçün isə 2 milyon 440 min manat pul köçürülmüşdü. Lakin həmin pulun 460 min manatını isə icra hakimiyyətinə verdim".
Prosesdə V.Hacıyevin sosial məsələlər üzrə müavini Hüseyn İbrahimov da dindirilib.
Onun sözlərinə görə, 2019-cu ildə 140 şəxsin adına olan kartlardan müəyyən məbləği çıxarıb İmişli RİH-in baş mühasibi Cəmil Musayevə verib:
"Həmin əməkhaqqı kartı məndə olurdu. Təxminən içərisində 230 manat pul vardı. Vilyam Hacıyev deyirdi ki, pulları Cəmil Musayevə təqdim edək".
Məhkəmənin növbəti iclası aprelin 15-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.