Astara rayonunun Toradi kənd sakini Sahil Hüseynov şikayətlənir ki, iki illik zəhməti bata bilər. O deyir ki, iki il bundan əvvəl “Vüqar-1970” MMC ilə müqavilə bağlayıb. Onun vurğulamasına görə, müqaviləyə əsasən, Astara rayonunun iki, Lerik rayonunun bir dağ kəndində modul məktəblərin tikintisində çalışıb, məktəblərin tikintisi başa çatıb və istifadəyə verilib.
Lakin S.Hüseynov iddia edir ki, indiyə qədər əməkhaqqı ala bilməyib: “Lerik rayonunda Loda kəndində tikilən məktəbin açarı özümüzdə qalmışdı. Açarı vermirdik, pulumuzu tələb edirdik. Açarı sonra qaytardıq”.
“Qarda, yağışda işləmişik”
S.Hüseynovun sözlərinə görə, məktəblərin tikintisində 14 nəfər yerli sakin də fəhlə kimi işləyib, heç birisinə əməkhaqqı tam verilməyib: “Aramızda müharibə əlili və şəhid valideyni də var. Şəhid atasına 1 min 500 manat borcludurlar. Bu kəndlər rayon mərkəzindən 30-35 kilometr uzaqda yerləşir. Sıldırımlı yerlərdir. Kəndlərdə yol bərbaddır, işıqlar tez-tez sönüb-yanır. Kimin imkanı var, bu kəndlərdən köçür. Şərait yoxdur. Belə yerdə iş tapmaq müşkül məsələdir. Məni işə götürəndə sevindim. Qarda, yağışda işləmişik. Fikirləşirdik ki, dağ yeridir, evimizə beş-altı manat apararıq. Pulumuzu vermirlər”.
Onun deməsinə görə, Astara və Lerik rayonunun müvafiq orqanlarına müraciət olunub, ölkə prezidentinə şikayət göndərilib. Hətta, əlavə etməsinə görə, həm subpodratçı, həm də podratçı təşkilatın nümayəndələri ilə də görüşlər olub: “Mənə 19 min 530 manat borcludurlar. Belə fikirləşirlər ki, dağ yeridir, mərkəzdən uzaq, fəhlənin haqqını yeyə bilərlər. Nə istəyirlər, onu da edirlər. Mənim üç uşağım var, ikisi məktəblidir. Haqqımızı versinlər, uşaqlarımız üçün məktəb paltarı və ləvazimatları alaq. Bu qədər ədalətsizlik, özbaşınalıq olar?! İşləmişik pulumuzu versinlər”.
İcra başçısının müavini: “Borc hələ ki, qaytarılmayıb”
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov da deyir ki, prezidentin sərəncamı ilə 2019-2020 illərdə həmin rayonların ərazisində modul tipli məktəblər tikilib. Həmin məktəblərdən biri Loda kəndində inşa edilib: “Məktəb istismara hazır olsa da, açılışı olmamışdı. Elm və Təhsil Nazirliyi ilə danışdıq. Məktəbin açarlarını verdilər direktora. Orada dərslər başlayıb. Tikinti təşkilatı məktəbin quraşdırılmasında işləyən vətəndaşlara borcludur. Borc hələ ki, qaytarılmayıb. Modul məktəblərin tikintisi ilə bağlı bizə məlumat vermirlər. Elm və Təhsil Nazirliyi tikir”.
“Mən subpodratçı təşkilatam…”
“Vüqar-1970” MMC-nin direktoru Vüqar Zeynalov da deyir ki, sifarişçi Elm və Təhsil Nazirliyidir, podratçı təşkilat isə “Modenko” MMC-dir: “Mən 2020 ilin may ayında Astara rayonunda modul məktəblərin quraşdırılmasına başlamışam. Podratçı təşkilatla yenidən üç modul məktəbin tikintisi ilə bağlı müqavilə bağladım. Mən subpodratçı təşkilatam, podratçı təşkilat isə “Modenko” MMC- dir. Məktəblərin inşasına görə Elm və Təhsil Nazirliyi ayrılmış pulu ona verir, işimə görə o da mənə. Son ildə Astarada iki, Lerikdə bir modul tipli məktəb quraşdırmışıq. Bu işlərə görə bizə nağd şəkildə 127 min, bank hesabıma isə 118 min manat pul köçürülüb. Prezident isə həmin məktəblərin inşasına 719 min manat ayırıb”.
“Pulumu vermirlər ki, fəhlələrin əmək haqlarını və…”
Direktor məktəblər üzrə ayrılmış pulların məbləğini də açıqladı: “Astara rayonunun Xıçaso, Şəvqo kəndlərində 40-şagirdlik məktəbin hər birinin inşasına 256 min manat, Lerik rayonunun Loda kəndində tikilən 20-şagirdlik məktəbin inşasına 207 min manat pul ayrılıb. Onlar mənə 196 min manat pul borcludurlar. Pulumu vermirlər ki, fəhlələrin əmək haqlarını və digər borclarımı ödəyim. Hədələyirlər ki, məhkəməyə verəcəyik. Arxaları var…”.
“Modenko” MMC: “Biz ona borclu deyilik”
“Modenko” MMC-nin baş mühəndisi Nisbət Həsənov isə deyir ki, üç məktəbin tikintisi ilə bağlı vəsaitlər ödənilib: “Vüqar Zeynalovla rəsmi müqavilə bağlanıb, həmin müqavilə əsasında da ona bütün vəsaitlər ödənilib. Vüqar kiməsə borclu qalıb, nə edib, özü bilər. Sonradan bizdən pulu alıb ödəmələr etməyib. Məktəbi yarımçıq qoymuşdu, əlavə qüvvə sərf etdik, məktəbi qurtardıq. Şirkət də Vüqar Zeynalovu məhkəməyə vermək fikrindədir. Fakt odur ki, Vüqar Zeynalov rəsmi sənədlərdə qeyd edilən işləri yerinə yetirməyib. Vüqar Zeynalov təkcə orda yox, başqa yerlərdə də adamların borcunu verməyib. Biz ona borclu deyilik. Rəsmi sənədlər var”.
Şikayətçi S.Hüseynov isə hər iki tikinti təşkilatının açıqlamaları ilə tanış olandan sonra sual edir: “Bizim nə günahımız var?”.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə isə danışmaq mümkün olmayıb.
Mənbə Azadliq radiosu