Teymur Musayev: “Əksər xəstəxanalar, demək olar ki, boşdur”

 09-04-2022

Artıq ölkədə koronavirus xəstələrinin müalicə olunduğu əksər xəstəxanalar boşdur.  

MillətinSəsi.info xəbər verir ki, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib. 

Nazir bildirib ki, gündəlik yoluxma sayları kifayət qədər azalıb: “Simptomlu xəstələrin sayı nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Eyni zamanda xəstəxanaya yerləşdirilən pasiyentlərin sayı da azalıb. Ona görə də əksər xəstəxanalar, demək olar ki, boşdur.

Qeyd edim ki, xəstəxanalar bağlanmayıb, sadəcə fəaliyyətlərini dayandırıblar. Bu ənənə pandemiyanın müxtəlif dalğalarında eyni formada tətbiq edilib. Ümid edək ki, həmin xəstəxanalar elə ehtiyat fondu kimi də qalacaq”.

Nazirin sözlərinə görə, vaksin baxımından ölkədə heç bir çatışmazlıq yoxdur: “ Bu gün Azərbaycanda vaksin ehtiyatı kifayət qədərdir. Ona görə də rahat şəkildə vaksinasiya prosesi davam edir. Artıq buster dozasının vaxtı çatan hər bir kəs peyvənd vurdurur”, - deyə nazir əlavə edib.

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi məsələsinə münasibət bildirib.

Nazir açıqlamasında Azərbaycanda koronavirusa yoluxma saylarının kəskin şəkildə azaldığını deyib. Onun sözlərinə görə, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur: “Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır və yəqin ki, müəyyən qərarlar veriləcək. Nəzərə alsaq ki, iki ildən artıq müddətdə davam edən pandemik dövr insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Odur ki, vətəndaşlarımızı səbirli olmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”.

Nazir həmçinin Avropanın bir sıra ölkələrində COVID-19 infeksiyasının yeni ştammlarına yoluxma sayındakı artım məsələsinə də toxunub:

“SARS-CoV-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştammlar peyda olub. Bu səbəbdən hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını öncədən bilmək olmur. Sevindirici haldır ki, “Omikron” ştammından sonrakı bir neçə növdə yoluxduruculuq zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı, demək olar ki, çox nadir hallarda baş verir. Ümid edirik ki, pandemiya sona doğru gedir”.

Səhiyyə naziri Teymur Musayev bildirib ki, “Turkovac” vaksininin üçüncü faza sınaqlarının sırf buster doza kimi istifadəsi nəzərdə tutulub. Təbii olaraq, uğurlu olduqdan sonra o da bizim vətəndaşlarımıza seçim kimi təqdim olunacaq.

O bildirib ki, hazırda Türkiyənin koronavirusa qarşı vaksini olan “Turkovac”ın Azərbaycanda üçüncü faza sınaqları keçirilir: “Əldə olunan sazişə əsasən, sınaqlar Bakı Sağlamlıq Mərkəzində baş tutur. Könüllü olmaq üçün müraciət edənlər var. Ümumi nəticələr əldə olunduqdan sonra Türkiyə tərəfinə təqdim olunacaq. Ondan sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək”.

Nazir bildirib ki, Azərbaycan pandemiya dövründə vaksinasiya kampaniyasına ilk başlayan ölkələrdən biridir: “Həm Azərbaycan vətəndaşları, həm də ölkəmizdə daimi və müvəqqəti yaşayış icazəsi olan xarici vətəndaşların bütün platformalarda hazırlanmış vaksinlərə əlçatanlığı təmin edilib. İstər inaktivləşdirilmiş platformadan olan “Coronovac”, istər mRnt “Pfizer”, istərsə də vektor platforması üzrə “Astra Zeneca” və ”Sputnik”in istifadəsi uğurla həyata keçirilib”, - deyə nazir əlavə edib.

Səhiyyə naziri Teymur Musayev onu da deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkarlanan kütləvi məzarlıqdan gətirilmiş meyit qalıqları Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinələrdən keçirilir. Kütləvi məzarlıqlar Xocalı rayonunun Fərrux kəndində, Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, Xocavəndin Edilli kəndi yaxınlığında, Füzulidə tapılıb və onların sayının artması gözlənilir.

T.Musayev bildirib ki, bu prosesə tələb olunan bütün avadanlıqlar və təlimlərdən keçən mütəxəssislər cəlb olunublar: “Bu barədə daha ətraflı məlumat, yəqin ki, proses yekunlaşdıqdan sonra veriləcək”.

Sonda səhiyyə naziri Teymur Musayev deyib ki, Azərbaycanda meyit donorluğu ilə bağlı görülən işlər çərçivəsində artıq təlimlərin keçirilməsinə başlanılıb. Ölkədə artıq beyin ölümü meyarları qəbul olunur.

Nazir bildirib ki, həmin prosesə cəlb olunan mütəxəssislər xüsusi təlimlərə cəlb olunurlar.: “İnanırıq ki, qısa müddətdə koordinasiya mərkəzi beynəlxalq standartlara uyğun şəkildə öz fəaliyyətini həyata keçirməyə başlayacaq. Bizim cəmiyyətdə də digər qabaqcıl ölkələr kimi bu proses tam şəffaf şəkildə icra olunacaq”, - deyə nazir əlavə edib.

Bənzər yazılar

0.24213600158691