Şəhid anası: “Bir oğlum öz ayağı ilə geri qayıtdı, digəri tabutda gətirildi” 

 05-11-2022

44 günlük haqq savaşımızda qəhrəmanlıq göstərən, canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərə atılmaqla adını tarixə yazdıran hərbçilərimizdən biri də Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Bəhram İlyasovdur.

Tərcümeyi-hal:

Bəhram Nizam oğlu İlyasov 30 noyabr 1998-ci ildə anadan olub. Əslən Kəlbəcər rayonunun Bozlu kəndindən olsalar da, Bərdə rayonunun Nəcəfqulubəyli kəndində yaşayıblar. B.İlyasov 25 yanvar 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2018-ci ildə tərxis olunub. 8 avqust 2020-ci ildə isə MAXE kimi hərbi xidmətə gedib. Kəşfiyyatçı olub.

2020-ci ilin Tovuz döyüşlərindən sonra Bəhram İlyasov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə gedib və hərbi xidmətə çağırılıb. Təlim mərkəzlərindən birində kurs keçdikdən sonra “N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam edib.

Azərbaycan Ordusunun əsgəri olan Bəhram İlyasov Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 4-də Suqovuşanda şəhadətə yüksəlib.

Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Milletinsesi.info-ın əməkdaşı şəhidin anası Şərqiyyə Musayeva ilə danışıb.

- Bəhram necə olub ki, hərbiyə meyillənib? 

- Uşaqlıqdan hərbçi olmaq istəyirdi. Biz kəlbəcərliyik. Deyirdi ki, oranı düşmən tapdağından azad edəcəyik. Bəhramın atası Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşub. Atası dörd il müharibədə olub. Böyük qardaşı Hümmət də yeddi ildir ki, hərbidədir. Əmisi də müharibə iştirakçısı olub. Hər ikisi müharibəyə birlikdə yollanıb.

- Polad Həşimovun şəhid olmasının ona çox pis təsir etdiyini dediniz.

- 2020-ci ilin iyulunda generalın şəhid olma xəbərini eşidən kimi Kəlbəcər komissarlığına müraciət edərək, döyüşə getmək üçün könüllü yazılıb. Bu qərarını atası da dəstəkləyib. Atasına deyibmiş ki, sizin yarım qoyduğunuz işi biz tamamlayacağıq. Lakin çağırış çox gec gəlib.

Gec çağırdıqlarına görə sənədlərini hazırlayıb hərbçi kimi işə düzəlib. Müharibədən bir ay qabaq kurslara yazılıb. Baş kəşfiyyatçı rütbəsinə layiq görülüb. 2020-ci il sentyabrın 27-də müharibə başlayanda Ağdam, Ağdərə, Talış və Suqovuşan istiqamətlərində döyüşüb. Suqovuşan istiqamətində Milli Qəhrəmanımız Mübariz İbrahimovun adı verilmiş “Mübariz postu”nun düşmən tapdağından azad edilməsində iştirak edib. Düşmənin postunu məhv edib, sənədlərini çıxarıb, təhvil verib.

- Oğlunuzla son görüşünüzdən danışmağınızı istərdim. Döyüşdə olan zaman sizinlə əlaqə saxlayırdımı?

- Oğlumu sonuncu dəfə müharibə başlamamışdan öncə görmüşəm. Hümmətlə birlikdə gəlib, bəzi əşyalarını götürdülər. Yola düşəndə ikisi də pilləkəndə dayanmışdılar. Bəhram qayıdıb, mənimlə yenidən görüşdü. Dedim, Bəhram, sənə nə oldu, niyə narahatsan? Bir söz demədi. Döyüşdə olan zaman hər gün zəng edirdi. Salamat olduğunu deyirdi. Zəng vuranda ancaq deyirdi ki, özünüzdən muğayat olun. Sonra da gülümsünürdü. Deyirdi ki, hər şey yaxşıdır, ancaq irəliləyirik.

Sonuncu dəfə oktyabrın 3-də zəng vurub. Atası ilə danışıb. Atasına düşmənin 21 postunu ələ keçirdiklərini deyib. Daha sonra atasına bildirib ki, “mənə zəng çatmayacaq, anam narahat olmasın”.

- Bəhramın şəhadətə qovuşmasını kim xəbər verdi?

- Bəhram oktyabrın 4-də şəhid olub. Xəbəri oğlum Hümmət verdi. O, atasına deyib. Əvvəlcə məndən gizlədiblər. Sonradan xəbərim olub. Hümmət başqa bölükdə imiş. Qayıdıb gələndə görüb ki, Bəhram şəhid olub. Bəhramgil maşınla gedirmişlər. Ermənilər tərəfindən vurulub. Bəhramgil maşında altı nəfər olublar, üçü şəhid olub. Hümmət şoka düşüb. Özünə gələndən sonra atasına zəng vurub. Bəhramgilin nəşləri 10 gün neytral zonada qalıb, oktyabrın 13-də dəfn olunublar.

- Şəhid olmamışdan bir gün öncə yuxunuzda gördüyünüzü qeyd etdiniz.

- Yuxularım gerçək olurdu. Bu dəfə real olacağından çəkinirdim. Bir gün öncə çox qarışıq yuxu gördüm. Bəhram yuxumdan çıxmırdı. Sanki hiss etmişdim. Danışanda da özü soruşdu ki, ana, məni yuxuda heç görmüsən? Mən də gördüyümü dedim. Kaş deməzdim. Daha sonra dedi ki, səni qəhrəman anası edəcəyəm.

Həmişə bizi düşünürdü. Atası xəstə idi deyə çox narahat idi. Arzusu atasının yaxşı olması idi. Digər arzularını heç vaxt demirdi. Şəhid olacağı ağlıma gəlməzdi. Hər imtahandan keçən oğul idi. İki oğul yola saldım. Biri öz ayağı ilə, digəri tabutda gəldi.

- Onun yolunu gözləyən sevdiyi şəxs var idimi?

- Oğlumun 22 yaş var idi. Sevdiyi qız vardı. Bilirdik. Deyirdi ki, ana, ilk maaşımdan nişan apararıq. Oğlum sevdiyini yarı yolda qoydu. Qismət olmadı...

- Qələbə xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

- Müharibənin bitdiyini gecə bildim. Həm sevindim, həm də çox kədərləndim. Oğlum görmədi. Lakin oğlumun qisasının alındığı üçün çox sevindim.

Nəzrin Vahid

Bənzər yazılar

0.14180779457092