“Bakı əmin olmaq istəyir ki, Avropa İttifaqı 2027-ci ildən sonra qaz almağa hazırdır, Azərbaycan tədarükdən Rusiyanın xeyrinə imtina etməyəcək və tədarükü artırmaq üçün milyardlarla dollar investisiya qoyulmasını gözləyir”.
Bunu “Financial Times” qəzetinə müsahibəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
İyul ayında Azərbaycan və Avropa İttifaqı arasında enerji sektorunda strateji əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Bakı 2027-ci ilə qədər Avropa İttifaqına təxminən 20 milyard kubmetr təbii qaz ixrac etməyi planlaşdırır.
“Avropanın indi təcili olaraq alternativ təchizata ehtiyacı var. Biz əmin olmalıyıq ki, bu, Ukraynadakı müharibə fonunda yaranan, sonra dayanan və sizin yenidən Rusiya Federasiyasından qaz almağa davam etdirəcəyiniz kortəbii tələb deyil”, - deyə Elnur Məmmədov vurğulayıb.
Elnur Məmmədov vurğulayıb ki, tədarükü artırmaq üçün Azərbaycanın Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün milyardlarla dollar investisiyaya və 2027-ci ildən sonrakı dövr üçün Avropa şirkətləri ilə uzunmüddətli müqavilələrə ehtiyacı var:
“Kimin sərmayə qoymaq istəməsindən asılı olmayaraq, dövlət və ya özəl, onlar ilk növbədə vəsait qoymalıdırlar ki, biz potensialı artıra bilək. Deməzdim ki, Aİ-də fikir ayrılıqları var, lakin bu, pazlın vacib hissəsidir”.
E.Məmmədov qeyd edib ki, Bakı prosesə öz töhfəsini verməkdən məmnundur, eyni zamanda Avropa İttifaqının investisiya qoymağa hazır olmasını gözləyir. Lakin E.Məmmədov konkret məbləği açıqlamayıb.
Öz növbəsində Avropa Komissiyası “Financial Times” qəzetinin potensial özəl və dövlət investorları ilə danışıqlara dair sorğusuna cavab verməkdən imtina edib. Azərbaycan Avropa İttifaqında enerji sektorunda etibarlı və strateji ticarət tərəfdaşı hesab olunur. Nəşr bunu Aİ-də adı açıqlanmayan rəsmiyə istinadən yazır.
Mənbə: TASS