Zaqatala Rayon Mərkəzi Xəstəxanasında həkimlərin iş saatlarında müəssisədə olmadıqları iddia edilir.
Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaş tərəfindən müraciət ünvanlanıb. Müraciətdə iddia olunur ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin (ASM) həkimləri bir neçə iş yerində çalışır və rəsmi iş saatlarında aidiyyəti üzrə iş başında olmurlar.
Vətəndaş deyir ki, bu səbəbdən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının önündə xəstə əlindən tərpənmək olmur:
“Heç bir həkimi iş yerində tapmaq mümkün deyil. Soruşanda ki, həkim haradadır, bizə onların başqa hospitallarda işlədiklərini deyirlər. Həkimlər rəhbərliyə 200 manat verərək iş saatlarında başqa tibb müəssisəsində işləyirlər. Orada da həkim qəbulu ən azı 20 manatdır. Nə Səhiyyə Nazirliyi, nə də TƏBİB həkimlərin iş rejimini yoxlayırlar. Xahiş edirik, bu məsələni araşdırsınlar”.
Şikayətlər içərisində İcbari Tibbi Sığortadan istifadə edə bilmədiklərini də qeyd edən vətəndaş müraciətlərinin hər birinin başqa müəssisələrə göndərildiyini bildirir.
Vətəndaşın iddialarının nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün sözügedən Zaqatala Rayon Mərkəzi Xəstəxanası və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, orada fəaliyyət göstərən həkimlər iş saatlarında (09:00-16:00) iş yerlərində olurlar:
“İş saatı bitdikdən sonra həkimlərin özəl xəstəxanalarda fəaliyyət göstərmələrinə xəstəxana rəhbərliyi müdaxilə edə bilməz. Bəzi müayinələr üçün xəstələr yalnız öz istəkləri ilə bəzi hallarda özəl xəstəxanalara yönləndirilirlər. Bunlarla bağlı yaranmış narazılıq və şikayətlər əsassızdır. Zaqatala RMX PHŞ-də (Publik Hüquqi Şəxs) fəaliyyət göstərən həkimlərin heç biri özəl tibb müəssisələrində müqavilə ilə çalışmır”.
Vətəndaşların icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən yararlana bilməməsi məsələsi ilə bağlı Agentlikdən isə sorğumuza cavab olaraq bildirilib ki, ilkin tibbi-sanitariya yardımı ilə bağlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzlərində tibbi xidmət göstərilir:
“Vətəndaşlar qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan Zaqatala Rayon Mərkəzi Xəstəxanasına şəxsiyyət vəsiqəsini təqdim etməklə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən də yararlana bilərlər. Bununla yanaşı, vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan digər şəhər və rayonlarda istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilər.
Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Endokrinoloji Mərkəz və s. tibb müəssisələri aiddir.
Qeyd edək ki, dövlət tibb müəssisələrində stasionar şəraitdə (xəstəxanada yatış) göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunur. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır. Belə ki, qanunvericiliyə əsasən, vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur”.